Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: HƏSƏN BƏY ZƏRDABİ (2.Yazı)

Bizə elə gəlir ki, Həsən bəy Zərdabinin milli birliklə dini birlik məsələsinə bu cür yanaşmasının nəticəsi olaraq, həmin dövrdə onun çağdaşı olan erməni başbilənləri təşvişə düşmüşlər. 1870-ci illərdə Tiflis­də çıxan “Mşak” adlı erməni qəzeti Zərdabinin yuxarıdakı məqaləsini, ermənicə öz səhifəsində çap edərək, yazır ki, zəmanəmiz elm zəmanəsi olsa da, müsəlmanların ziyalıları da birlik iddiasına düşüb, Məkkəyə getmək adı ilə bütün islam xalqlarını «ittihadi-islam» ilə birləşdirmək istə­yir­lər. “Mşak” yazır: “Verin bizə bizim yerləri ki, keçmişdə on­ları güc ilə zəbt etmisiniz və ondan sonra gedib ittihadi-islamı səhralarda eləyin ki, orada islam bina olub və mon­qol tayfasını (bu tayfanı Avropa əhli biqabiliyyət hesab edir) birləşdirməyə səy edin”.

Deməli, erməniləri islam birliyindən daha çox, “monqol” adlan­dır­dıq­ları türklərin oyanışı, milli özünüdərki, eyni zamanda, “islam birliyi” adı altında bir türk-islam birliyinin yarana bilməsi təşvişə salmışdır. Zərdabi də yaxşı anlayırdı ki, bu dövrdə Qafqaz-Azərbaycan müsəlmanları ilə müqayisədə, elm, təhsil və başqa sahələrdə daha çox inkişaf etmiş ermənilərin məqsədi nədir. Bu baxımdan Zərdabi ermənilərin bu təlaşına cavab olaraq yazır: “Ey cənab, Arsruni (zikr olunan qəzetin münşisinin adıdır) əgərçi cəna­bı­nız doğru buyurursunuz ki, zəmanəmiz elm zəmanəsidir və bu halda ermənilər bizdən artıq elm təhsil etməyə rağib­dir­lər, amma, neçə yüz ildir ki, biz ermənilər ilə qonşuluq edi­rik, indi cənabınıza eyib deyilmi ki, bizim aramızda əda­vət salırısınz…”.

Zərdabi bundan başqa, bir neçə dəfə də müsəlmanların, o cümlədən müsəlman türklərin birləşməsinin, milli cəmiyyət-təşkilat yaratmasının vacibliyini vurğulamışdır. Zərdabiyə görə, Qərb xalqlarında olan birliyin müsəlmanlar arasında olmama­sı­nın başlıca səbəbkarı xalq özüdür: “Bəs tavana və kasıbların hər biri üçün lazımdır ki, insan elm öyrənib malik dünya ol­ma­ğa səy etsin. Və bizim Məşriq-zəminin Avropa əhlindən geri qalmağına bir ümdə səbəb budur ki, tavana və kasıbla­rın arasında bu barədə ittifaq yoxdur”. Zərdabi böyük uzaqgörənliklə Qafqaz-Azərbaycan mü­səl­manlarını, yəni türkləri vaxtında birləşməyə çağırırdı. Türk­lərin qonşuları olan ermənilərin, gürcülərin bu istiqamətdə atdığı addımları vaxtında anlayan Zərdabi, eyni ideyaları öz milləti arasında yaymağa çalışırdı: «Ey müsəlmanlar, vaxt keçməmiş fikrinizi birləşməyə verin ki, dağınıq millət çox tez puç olur».

Deməli, Zərdabi «Əkinçi»nin ilk saylarındaca ehtiyatla milli-dini birlik ideyalarını yaymağa başlamış, əsas diqqəti müsəlmanların-türklərin maariflənməsinə və birləşməsinə yö­nəlt­mişdir. Zərdabiyə görə, artıq zəmanə dəyişir və dün­ya­nın ağıllı xalqları tərəqqi edirlər, müsəlmanların da arasında inkişafa meyil edənlər var ki, onların qarşısını almaq əvə­zi­nə, kömək etmək lazımdır. Zərdabi müsəlmanların-türklərin (Azərbaycan) anlayan, qa­baqcıl şəxslərindən xahiş edir ki, qəzet oxumağa əngəl ol­ma­sınlar, əksinə səy göstərsinlər ki, qəzet oxuyanların sayı çox olsun, xalq tərəqqiyə qədəm qoysun: «Onların belə irəli get­məyinə mane olmaq, yəni onların keçən zəmanənin qay­dası üzrə saxlamaq məsləhət deyil, ona görə ki, bu yolu onlar bizsiz də gedəcəklər. Bəs bizim anlayan və qabaqcıl kəslərə ey­ni məsləhətdir bu yolu onlar ilə bir yerdə getsinlər, ta ki on­ların tez tərəqqi etməyinə səbəb olsunlar və buna görə gə­lə­cəkdə həmçinin onlara pişrov olsunlar».

Zərdabinin başlıca məqsədi Qafqaz müsəlmanlarını savad­landırmaq yolu ilə qədim bir millət olduqlarını, ancaq son əsrlərdə böhranlar yaşamaqla inkişaf etmiş millətlərin sırasından geri qaldıqlarını anlatmaq idi. Bunun üçün, müsəl­man türklər maariflənməli, elm öyrənməli, təhsil almalı və məktəblərə getməli, qəzet oxumalı, milli cəmiyyətlər yaratmalı və bu kimi işlərlə məşğul olmalı idilər. Bu baxmdan Zərdabi həmişə zəmanədən şikayətlənərək köhnə bayatını oxuyan gerilikçi müsəl­man­lara üzünü tutub, onlara zəmanədən şikayət etmək əvə­zi­nə iş görməyi, tərəqqi etməyi məsləhət görür. O, qeyd edir ki, bunun əsası isə ancaq ağıldır və ağıl elə bir şeydir işlən­dik­cə tərəqqi edər, yəni insanın elmi atdıqca ağlı da artar: «Bi­zim zəmanəmiz dəyişilib, biz elm sahiblərinə rast gəl­mi­şik. Bizim ilə zindəganlıq cəngi edən millətlər elm təhsil edir­lər. Ona görə gərək biz də elm təhsil edək ki, onlara zin­də­ganlıq cəngində qalib olmasaq da, onların bərabərində dayanıb duraq, yoxsa dövlət və xoşgüzəranlıq onların əlinə gedəcəkdir və bizlər mürür ilə zindəganlıq cəngində məğlub olub tələf olacayıq».

Zərdabi onu da qeyd edir ki, son illərdə (1870-ci illərdə) Rusiyanın hər yerində, o cümlədən Qafqazda da məktəblər açılır və oxuyanların sayı çoxalır. Qafqazın məktəblərinin çoxunda, o cümlədən yeganə Bakı gimnaziyasında oxuyan­la­rın sayı 500 nəfərdir ki, onlardan 250-si rus, 150-si erməni və 100-ü isə müsəlmandır. Halbuki 100 min nəfər əhalisi olan Bakıda yaşayanların böyük əksəriyyətini müsəlmanlar təşkil edir. Lakin müsəlmanlar təhsilə, elmə ciddi fikir vermirlər: «Bəs bizim məktəbxanalarımızda oxuyanlar rus, erməni və qeyri-millətlərdir. Biz müsəlmanlar elmdən vəba naxoşluğundan qaçan kimi qaçırıq, hətta padşahlıq xərci ilə də oxumaq istəmirik… Belə olan surətdə biz müsəlmanlar elm təshil etməkdən, yəni zindəganlıq cənginin əsasını ələ gətirməkdən qaçmaqlığa görə o cəngdə məğlub olub mürür ilə tələf olacayıq».

Zərdabinin müsəlmanların təhsil almayacaqları təqdir­də məhv olacaqları haqqında söylədiyi fikir heç də təsadüfi deyildi. O başa düşürdü ki, əgər Qafqaz, o cümlədən Quzey Azərbaycan türk­lə­ri elm, maarif yolunu tutmasalar inkişaf etməkdə olan qey­ri-millətlər türklərin mədəniyyətinə də, tarixinə də və ən əsası torpaqlarına da gələcəkdə sahib çıxacaqlar. Bu baxım­dan türklərdə milli hissləri oyatmağa çalı­şan Zər­da­bi qeyd edirdi ki, biz necə tələf olmayaq ki, bizim qon­şular bizlərdən birə əlli artıq elm, təhsil almağa səy göstə­rir­lər. Ona görə də, elmi səviyyə baxımından onların biri əlli müsəlmana bərabərdir. O yazır: «Ey müsəlmanlar, heç mürvvət­dir­mi ki, tamam dünya bizim qonşularımız ilə belə elm təh­sil et­mə­yə səy etsinlər ki, zindəganlıq cəngində düşmənə faiq (üstün) gəl­sin­lər, amma bizlər Allahdan buyruq, ağzımıza quyruq de­yib duraq? Ey müsəlmanların millət təəssübü çəkən kəsləri, bir açın gözünüzü, dünyaya tamaşa edin­». Bununla da “din təəssübü” ilə yanaşı “millət təəssübü” uğrunda da mübarizə aparan Zər­da­bi qeyd edir ki, bu yazıları yazmaqda məqsədi nə Qafqaz, nə də bir qanda və məzhəbdə olduqları Qacarlar və Osmanlı müsəl­man­larını pisləmək, onlarla düşmən olmaq deyildir. Burada başlıca məqsəd bütün müsəlmanların inkişafına, birliyinə nail olmaqdır, ancaq bu işdə isə ona ikiüzlü ruhanilər, ha­cı­lar əngəl olurlar: «Müsəlmanların düşməni mən deyiləm, məzkur hacı kimi adamlardır ki, bizi millətlər arasında gülüş yeri edib elmdən və dünyadan bixəbər qoyub sərgə­r­dan və payimal ediblər».

Ümumiyyətlə, Zərdabi də, Axun­dzadə kimi xalqda «millət təəssübünün» unudulmasının başlıca günahkarını İslam dini adından çıxış edən riyakar ruhanilərdə görürdü. Ancaq Axun­dza­də­dən fərqli olaraq Zərdabi bu problemin kökünü islamın əsa­la­rın­da deyil, ruhanilərin ikiüzlü əməllərində və onların islam qanunlarına olduğu kimi əməl etməmələrində axtarırdı. Bu məsələdə islamın deyil, bu dinin təmsilçilərinin və təbliğatçılarının daha çox günahkar olmasını sübut etmək üçün Zərdabi dini və dünyəvi elmlərlə bağlı müzakirənin başlanmasına özü qəsdən şərait yaratmışdır. Belə ki, Heydəri adlı bir müəllif Dağıstandan-Petrovskidən “Əkinçi”yə yazırdı ki, şəhər əhlindən bilikli bir adam ondan bir məsələyə aydınlıq gətirməsini istəyib: “..sizin peyğəmbər Məhəmmədü Mustafa buyurmuş: elmlər iki növdür: bədənlərə aid olan elm və dinlərə aid olan elm. Ağıl da iki növdür: məişətə aid olan ağıl və axirətə aid olan ağıl. Mənə bəyan elə görüm ki, o həzrətin mənzuru bu kəlamda nə imiş. Mən öz qüvvəm qədər əqli və nəqli sözlərdən o qədər ki, bilirdim o şəxsin cavabında dedim. O şəxs mötəbər dəlillər ilə mənim sözlərimi rədd edib dedi ki, müsəlman din və məad elmi behşt və huri qılman ümudi ilə yaxşı bilirlər, amma məaşi-əqli və bədən elmi ki, onlardan ləfzən və mənən sibqəti var, bilmərrə əllərindən verib və heç bir şey. Bu iki lazım olan zaddan bilmirlər. Çün mən maleysə ləkə bihi elmün (sənin ondan xəbərin yoxdur) babətindən məəttəl qalıb və mülzəm oldum buna görə “Əkinçi” qəzetinin inşa edəndən iltimas edirəm ki, öz qəzetində isteanət üçün bizim milləti qardaşlarmızdan xahişi-cavab eləsin ki, elmi-əbdan və əqli-məaş şərhində bir müəyyən cavab yazsınlar ki, mən o şəxsi sakit edib cavabını verim”.

Əslində Zərdabinin burada başlıca məqsədi həmin dövr­də dini elmlərlə yanaşı, dünyəvi elmlərin də öyrənilməsinin vacibliyini göstərmək və millətini cəhalət yuxusundan oyatmaq olmuşdur. Zərdabi bu məsələni gündəmə gətirmək üçün özü də müsəlman alimlərinə sual edirdi ki, bəs, bu dünyəvi və di­ni elmləri kimdən və necə öyrənmək lazımdır: «Çünki bi­zim peyğəmbərimiz müsəlmanlara elmül-əbdanı (dünyəvi elmlər – F.Ə.) təhsil etməyə hökm edib və ona görə də bizlərə vacibdir ki, o elmləri təhsil edək, onları kimdən öyrənək? Və əgər bir xaricə elmül-əbdandan xəbərdar ola, ondan o elm­ləri öyrənmək olurmu ya elmül-ədyan (dini elmlər – F.Ə.) oxudan gərək bizlərə elmül-əbdanı da oxutsun?».

Təkcə «Əkinçi» qəzetində başlayan dünyəvi elmlər və dini elmlər problemi, öz miqyasına görə milli fəlsəfəmizin yenidən təşəkkülü prosesində çox mühüm bir hadisə idi. Qafqaz müsəlmanları ilk dəfə millət və onun inkişafı ilə bağlı olan bir məsələnin açıq müzakirəsinə başlamışdı, bir-birinə həcv, nəzirə, mədhiyyə yazanlar şeir-qəzəl məclislərindən kənara çıxmışdılar. Bu baxımdan «Əkinçi»də millətin oyanışı və inkişafı naminə dini və dünyəvi elmlərdən hansının vacibliyi məsələsini meydana çıxması təsadüfi deyil, əksinə zərurətdən irəli gəl­miş­di. Bu mübahisədə iştirak edən ziyalılar – H.Zər­da­bi, Əhməd Hüseynzadə, Ə.Heydəri, M.F.Axund­­za­də, S.Ə.Şirvani, M.M.Nəvvab və başqaları millətin inkişafında da­ha çox dünyəvi elm­lərin vacibliyini irəli sürsələr də, müəy­yən qədər dini elm­lə­rin rolunu qeyd edənlər də az deyildi.

 AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)