Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: TAHİRƏ (ZƏRİNTAC) QÜRRƏTÜL-EYN (1.Yazı)

XIX əsrin ortalarından başlayaraq İslam-Şərq mədəniy­yəti­nin əsas təməl prinsiplərində radikal, köklü dəyişikliklər etmək istəyənlər arasında Azərbaycan Türk mütəfəkkirlərindən biri də Tahirə (Zərintac) Qürrətül-Eyn (1817-1852) olmuşdur. İslam-Şərq mədəniy­yətində, İslam fəlsəfəsində əsaslı şəkildə islahatların aparılmasını irəli sürən, şeyxiliyin dini-islahatçı radikal davamı kimi meydana çıxan Babilik hərəkatının tanınmış siması Qürrətul-Eyn Azərbaycanın Qəzvin şəhərində milliyyətcə türk Molla Məhəmməd Saleh Baraqaninin ailəsində dünyaya gəlmişdir. Tahirə Qürrətul-Eyn uşaqlıqdan doğma Türk dili (Azərbaycan) ilə yanaşı, ərəb və fars dillərini də öyrənmiş, eyni zamanda dini və dünyəvi elmlərlə də tanış olmağa başlamışdır.

Nitqdə, şeir və nəsrdə az bir zamanda tanınan Qürrətul-Eyn həmin dövrdə üsulilər və şeyxilər arasında gedən mübarizəni  dərindən izləmiş, onlardan könüllü olaraq şeyxiliyi qəbul etmişdir. K.Əliyeva yazır: “O, özbaşına iki məşhur alimin - Şeyx Əhməd Əhsainin və Seyid Kazım Rəştinin kitablarını mütaliə edərək öyrənir. Şeyx Əhsaninin təlimləri ənənəvi, ortodoks İslam anlayışlarının əleyhinə idi. Zərrintac onun təlimlərini Quranın daxili prinsipləri ilə müqayisə edir və görür ki, onların arasında ziddiyyət yoxdur. Şeyxin inanclarından biri qiyamət haqqında idi. O öyrədirdi ki, qiyamət günü bədən dirilib qalxmayacaq, əksinə, çürüyəcək, ruh isə Allahın hüzurunda sakin olacaq. Bu, Zərrintacın ailəsi başda olmaqla, o dövrün islam nəzəriy­yə­çilərinin fikirləri ilə daban-dabana ziddiyyət təşkil edirdi”.

Doğrudan da, Tahirənin ailəsi şeyxiliyin əleyhdarı olub mühafizəkar şiə imamiliyinə sadiq idilər. Onun atası Molla Saleh qızının şeyxiliyə meyil etməsinə qarşı olmuşdur. Artıq həmin dövrdə şeyxilərlə şiə imamiliyi bir-birindən xeyli dərəcədə uzaqlaşmışdır. Məsələn, Babiliyin ilkin əsaslarını irəli sürmüş şeyxilər, o cümlədən Əhsai və Rəşti  öz  müridləri ilə Kərbəla şəhərində imam Hüseynin qəbrini ziyarət edərkən daim ayaq tərəfdə durub, nurlanmış qəbrin digər tərəflərinə qədəm basmaz və müqəddəs məqama ehtiramlarının bu şəkildə büruzə verərdilər: “Amma qalan camaat ziyarət vaxtı qəbrin ətrafına fırlanar, hətta mübarək məzarın baş tərəfinə də keçib ziyarət duası oxuyardılar. Şeyxilər bu əqidədə idilər ki, Tanrı dərgahına yaxın olanlar həmişə diridirlər və iman əhlinə ölüm yoxdur. Onlar İmam - əleyhissalamı daim canlı bilirdilər və buna görə də  deyirdilər ki, iman əhlinə yol göstərən canlı imamın hüzurunda ehtiramı gözləməmək insana yaraşmaz. Bu səbəbdən də ziyarət vaxtı imamın başı üstə duran şiələrə “balasəri” (baş tərəfdə dayananlar) adını vermişdilər”.

Beləliklə, dini-mistik şiə məktəblərindən şeyxiliyin qızğın müdafiəçisinə çevrilən Qürrətül-Eyn şeyxiliyin Şeyx Əhməd Əhsaidən sonrakı varisi Seyid Kazım Rəştinin etimadını qazan­mış, bir çoxlarına görə, bu ləqəb də Tahirəyə onun tərəfin­dən verilmişdir. K.Əliyeva yazır: “Kazım Rəşti Əhsai ilə birgə şeyxilik məktəbinin banisi idi. Şeyxilik şiə islamından törəmiş və XIX əsrin ortalarında yaranmış bir teoloji məktəb idi ki, Babiliyin nəzəri əsaslarını təşkil edirdi. Zərrintac Şeyxi ehkamları barədə yazdığı analitik traktatı öz ustadı hesab etdiyi Rəştiyə göndərir. Gənc alimin – qadının istedadından təsirlənən, dövrünün işıqlı alimi Seyid Kazım Rəşti cavabında onu “Qürrətül-Eyn” adlandırır”.

Qeyd edək ki, mürşidini görmək üçün Kərbəlaya gedən Qürrətül-Eyn bu şəhərə çatmamış Seyid Kazım Rəşti ölmüşdür (1843). N.Zərəndi yazır: “Həzrət Tahirə orada (Kərbəlada) qalıb gözləməyə başladı ki, görsün Seyid Kazımın Zühur Çağının yaxınlaşmasından bəhs etdiyi vəd olunmuş şəxsin sədası haradan ucalacaq”. Rəştinin ölümündən az sonra (1844-cü il) şeyxilərin bir qismi Hacı Kərim xanın (kərimxanilik) ətrafında birləşdiyi halda, Babi-imamın ortaya çıxdığına əmin olan şeyxilərin çoxu Seyid Əli Məhəmməd Şirazinin özünü bab elan etməsiylə ona (babiliyə) qoşuldular. Qürrətül-Eyn də Baba iman gətirərək Rəşt, Kərbəla və Bağdadda Babiliyi təbliğ etmişdi.

Əbdülbəha Abbas Əfəndi öz xatirələrində Tahirənin Babiliyi qəbul etməsi haqqında yazır ki, o, Kərbəlada olarkən hamı kimi Babın zühur etməsini gözləyirmiş: “Bir gecə səhərə yaxın o başını yastığa qoydu, dünyadan bixəbər oldu və və yuxu gördü; yuxuda gənc bir Seyyid, qara əbada, yaşıl türbanda göydən ona nazil oldu. O (Seyid) havada asılmışdı, ayələr oxuyur qnutda dualar edirdi. Birdən o (Tahirə), həmin ayələrdən birini əzbərlədi, ayılanda onu öz dəftərində yazdı. Həzrət Bab özünü elan edən və onun birinci kitabı olan “Əhsənül-Qisas” yayılandan sonra, bir gün Tahirə onun bir bölməsini oxuyanda yuxuda yazdığı həmin ayəyə rast gəldi. Dərhal şükranlıq edərək, o diz çökdü və səcdəyə getdi, inandı ki, Həzrət Babın müjdəsi həqiqətdir”.

Babiliklə bağlı burada incə bir məqam var ki, ata və ana tərəfdən peyğəmbər nəslindın sayılan, Şirazda anadan olan Seyid Əli Məhəmməd Şirazinin (1819-1850) əsil məqsədi Qacarlar hakimiyyətini yıxmağa, yoxsa doğrudan da ədalətsizliklərə, imamiyyə-şiəliyə qarşı yönəlmişdir? Bildiyimiz kimi, hazırda da Qacarlarda daxili dini-fəlsəfi, sosial-siyasi problemlərin nəticəsi olaraq Babiliyin yarandığını iddia edənlərlə yanaşı, onun xaricdən ixrac edildiyini də iddia edənlər vardır. Şübhəsiz, burada hər iki amilin əsas rol oynamasını qeyd etməklə yanaşı, ancaq daha çox mühafizəkarlığa, xurafata, mövhumata, ədalətsizliyə, eyni zamanda Qacar­lar hakimiy­yətinə qarşı yönəlməsi də dəqiqdir. Bu anlamda şeyxiliyin babiliyə çevrilməsi, yəni babi-imamın meydana çıxması əslində, hakimiyyətə qarşı ən real mübarizə üsulu idi. Mirzə Kazım bəy hələ, 1865-ci ildə nəşr olunan “Bab və babilər” əsərində yazırdı ki, babilər hərəkatı əsarətdə olan həqiqət­in istibdad əleyhinə mübarizəsinin nəticəsi idi: “Bab onun ölkəsində xalqın inandığı dinin boş, mənasız şeylərlə dolu olduğunu başa düşürdü. Bab elə ciddi həyat tərzi təbliğ edirdi ki, burada qanunun hərfi deyil, mənəvi tələbləri həyata keçirilir... Bab həmişə nəfs və ibadət, məhəbbət və əxlaq haqqında danışırdı”. Bir sözlə, çar­izmin ideologiyasının təsiri altında olan Mirzə Kazım bəy Babilik hərəkatını siyasi hərəkat kimi dəyərləndirir, onların ruhani və dövlət hakimiyyətinə qarşı haqlı mübarizə apardığına inanırdı.

Ona görə də, Seyid Əli Məhəmməd Şirazinin əsil niyyətinin nədən ibarət olmasını söyləmək çətin olsa da, ola bilsin ki, o, bu ad altında, digərlərinin iddia etdiyi kimi, Qacarları devirmək və bir fars sülaləsini hakimiyyətə gətirmək niyyəti güdmüşdür. Hər halda onunla bağlı bəzi iddialar var ki, tamamilə əsassız da hesab et­mək olmaz. Əgər nəzərə alsaq ki, onun “Bəyan” kitabının mahiy­yəti daha çox zərdüştlüklə, İncillə səsləşir, bu şübhələr daha da çoxalır. Belə ki, “Bəyan” kitabında bir kişinin qardaşı qızı və ya bacısı qızıyla evlənə bilməsi dəqiq göstərildiyi halda, anası və bacısıyla evlənib-evlənməməsi açıq buraxılmışdır. Eyni zamanda “Bəyan”­da bütün yeyiləcək şeylər halal sayılmış, əgər evli bir kişi zina edərsə, onun qadınının da zina etmsi məqbul hesab edilmişdir.

Eyni zamanda, onun “Bəyan” kitabında “Quran”ı və şəriəti artıq köhnəlmiş hesab edərək yeni peyğəmbərin gəlişinin zərurətindən bəhs etməsi çox ciddi məsələdir. Əgər o, yalnız İslam dinində islahatlar aparmaqla kifayətlənməli olsaydı, bunu haradasa başa düşmək olardı. Ancaq Ə.M.Şirazinin peyğəmbərlik iddiasına düşərək Quranın nəsx olduğunu, bununla da İslam şəriətinin ləğv edilərək yerinə özünün “Bəyan” kitabındakı qanunlarının icra edilməsinin vacibliyini irəli sürməsi artıq başqa mətləblərdən xəbər verir.

Bütün bunlarla yanaşı sonralar Babiliyin mötədil davamı kimi meydana çıxan Bəhaliyin inqilabçılıqdan uzaqlaşaraq daha çox təkamül yolu tutması, əsasən indiki İsrail ərazisində təşkilatlanması da düşündürücüdür. Hər halda Bəhaullah ləqəbli Mirzə Hüseyn Əli Nurinin (ö.1892) babiliyin liderlərindən biri kimi bu dini-islahatçı məktəbdə ciddi dəyişiklər aparması, daha sonra da Bəhailiyin əsasını qoyması təsadüfi ola bilməzdi. Bəhaullaha görə, Allah birdir, bəşəriyyət birdir, bütün dinlərin əsası birdir. Ola bilsin ki, Qacarları bu cür radikal islahatlarla devirməyin mümkünsüzlüyünü görən içdəki və xaricdəki qüvvələr Bəhailiyin mötədil fəaliyyət göstərməsinə üstünlük vermişlər. Bütün hallarda Babiliklə nisbətdə Bəhailiyin xarici qüvvələrin təsir dairəsində olması daha çox qəbul edilməkdədir.

Xüsusilə, Bəhailiyin Əli Nuridən sonrakı lideri Əbdülbəha Abbas Əfəndinin (1844-1921) 1920-ci ildə Böyük Britaniya tərəfindən 1-ci Dünya müharibəsində dünyada sülhün bərqərar edilməsi üçün göstərdiyi səylərinə görə “cəngavərlik” rütbəsiylə təltif olunması birmənalı qarşılanmır. Üstəlik, onun davamçısı olan Şövqi Əfəndi (1897-1957) ilk təhsilini Hayfada “Qardaşlar” adlı xristian məktəbində almış, daha sonra Beyrutda katoliklər məktəbində və ABŞ-da kollecdə təhsilini davam etdirmişdir. Hazırda dünya bəhailərini təmsil edən “Allahın Uca Ədlət Evi” də İsrailin Hayfa şəhərində yerləşməkdədir. Bütün bunlar o deməkdir ki, Babiliyin davamı olan Bəhailiyin xarici qüvvələrin bu dərəcədə təsir altında olması, onun ilkin qaynağı olan dini-islahatçı məktəbi haqqında da ziddiyyətli fikirlərə aparıb çıxarır.

 

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)