Dünyanın ən sürətli qapıçısı Bakıya gəlir

“Robokiper”ə qol vura bilənləri Azercelldən hədiyyə gözləyir

Sevindirici haldır ki, Azərbaycan dünyanın ən son texnoloji yeniliklərinin nümayiş olunduğu məkana çevrilib. Məşhur “Robot Sofiya”dan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə dünyanın ən sürətli qapıçısı “Robokiper” ölkəmizə gətiriləcək.

“Robokiper” cari ilin dekabr ayının 4-7-də “Azercell Telekom MMC”-nin baş sponsorluğu ilə baş tutacaq “Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi və konfransında təqdim olunacaq.

“Robokiper” dünyanın ən bacarıqlı və sürətli qapıçısı hesab edilir. Alman alimlərinin bu ixtirası ultra-modern və unikal texnologiyaya əsaslanır. Buna görə də “Robokiper”ə qol vurmaq demək olar ki, mümkün deyil. Topa nə qədər sürətlə zərbə vurulsa da, “ağıllı qapıçı” həmin topu geri qaytarır, qapıdan keçməsinə imkan vermir. Mürəkkəb texnologiya qapıçının zərbəyə dərhal reaksiya verməsinə imkan yaradır.

Dünyanın ən məşhur futbol komandalarının üzvləri “ağıllı qapıçı” ilə duelə çıxıb uduzublar. Hətta Messi, Neymar, Ronaldinyo kimi futbol ulduzları da “Robokiper”ə qol vura bilməyiblər.

İndi isə Azərbaycan klublarının tanınmış futbolçuları “Robokiper”ə qol vurmağa çalışacaqlar. Azərbaycan milli komandasının və “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov, həmçinin “Bakutel 2018” sərgi-konfransının açılışına dəvət olunan digər futbolçular “Robokiper”lə yarışacaqlar.

Azərbaycanlı futbolçularla yanaşı, sərginin iştirakçılarına da “Robokiper”lə yarışmaq təklif olunacaq. “Bakutel 2018” sərgisinin qonaqları və iştirakçıları bu bacarıqlı qapıçıya top vurmaqla güclərini sınaya bilərlər.

Sərgi zamanı “Robokiper”ə qalib gələnlər isə hədiyyə qazanacaqlar. Sərginin baş sponsoru Azercell şirkəti hər qol vuran oyun iştirakçısına 10 AZN dəyərində danışıq kartı və digər hədiyyələr təqdim edəcək.

Bu maraqlı əyləncədə hər kəs – qadın və uşaqlar da daxil olmaqla istənilən şəxs iştirak edə bilər. “Robokiper”lə yarışmaq üçün əsl futbol oyununda olduğu kimi, topa yaxınlaşıb penalti vurmaq lazımdır. Top vuran şəxsin peşəkar idmançı, yaxud həvəskar olmasının fərqi yoxdur. Dünyada cəmi 10 nüsxədə mövcud olan “Robokiper” hər yerdə maraqla qarşılanır, insanlar “ağıllı qapıçı”ya qalib gəlmək üçün növbəyə dayanırlar.

Xatırladaq ki, gələn il mayın 29-da Olimpiya stadionunda UEFA Avropa Liqasının final matçı keçiriləcək. Məhz bu ərəfədə “Robokiper” texnologiyasının Bakıda nümayiş olunması gənclər arasında idmana, xüsusilə də futbola marağın artırılması məqsədinə xidmət edəcək.

“Azercell Telekom” MMC artıq 24-cü dəfədir ki, keçirilən “Bakutel” sərgisinin ən aktiv iştirakçısı və baş sponsorudur. Şirkət müxtəlif texnoloji yenilikləri ilk dəfə olaraq məhz “Bakutel” sərgisində nümayiş etdirib. Hər

il “Bakutel”də məhz Azercell-in stendi sərgi iştirakçıları və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Şirkət tərəfindən “Bakutel” sərgisində canlı yayınlar, hədiyyəli oyun və viktorinalar, əyləncələr təşkil olunub.

Bu il də “Bakutel” sərgisində İKT sahəsinin ən qabaqcıl texnologiyaları nümayiş etdiriləcək, yeni biznes əlaqələrinin yaradılması üçün platforma ortaya qoyulacaq. Sərgi iştirakçıları isə maraqlı və əyləncəli vaxt keçirəcəklər.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir.

Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir.

Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də “Opensignal” və “Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında  ən yüksək göstəricilər nümayiş etdirmişdir.

Oxu.az