azertac

AZƏRTAC

Azərbaycan Dövlət İnformasiya Agentliyi 

AZƏRTAC respublikanın aparıcı informasiya agentliyi, yerli və xarici KİV-lər üçün rəsmi dövlət informasiyasının yeganə mənbəyidir.


Türkmənistan Azərbaycanda ticarət evi açmaq niyyətindədir

Türkmənistan Azərbaycanda ticarət evi açmaq niyyətindədir.Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, açılması planlaşdırılan ticarət evində Türkmənistan istehsalı olan müxtəlif çeşidli tekstil məhsullarının, əllə toxunan xalçaların satışı nəzərdə tutulub.

Azərbaycan Hökuməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında saziş imzalanıb

Xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 8-də Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan Respublikası ilə Fond arasında ikitərəfli əməkdaşlıq məsələləri və gələcək əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.Fondun prezidenti G.Əfəndiyeva təşkilatın həyata keçirdiyi müxtəlif layihələr və Türk Dünyasının ümumi mədəni dəyərlərinin təbliğinə yönəldilmiş tədbirlər barədə məlumat verib.Tərəflər, həmçinin qardaş təşkilatların fəaliyyətlərini əlaqələndirmək və ümumi məqsədlərə nail olmaq üçün bir-birlərinin səylərini dəstəkləməyin zəruriliyini vurğulayıblar.Görüşün sonunda xarici işlər naziri E.Məmmədyarov və Fondun prezidenti G.Əfəndiyeva “Azərbaycan Respublikası Hökuməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Yerləşmə Ölkəsi haqqında Saziş”i imzalayıblar.

Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirilib

Cari ilin 9 ayında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 65,6 faiz artaraq 169,8 milyon dollar olubOktyabrın 31-də Astanada Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirilib.Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasında iştirak etmək məqsədilə energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti Astanada səfərdədir. İclasdan əvvəl Azərbaycan və Qazaxıstan energetika nazirləri Pərviz Şahbazov və Kanat Bozumbayev arasında ikitərəfli görüş keçirilib. Görüşdə iki ölkə arasında münasibətlərdə son 26 il ərzində əldə edilmiş nailiyyətlər, dövlət başçılarının səyləri nəticəsində bütün sahələr üzrə müşahidə olunan inkişaf dinamikasından bəhs edilib. Hökumətlərarası Komissiya çərçivəsində görülən işlərin Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafına xidmət edəcəyi bildirilib.Sonra energetika nazirləri Pərviz Şahbazov və Kanat Bozumbayevin həmsədrliyi ilə Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-cü iclası keçirilib. Qazaxıstanın energetika naziri, komissiyanın həmsədri Kanat Bozumbayev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbriklərini çatdırıb. Bu illər ərzində Azərbaycanın uzun bir inkişaf yolu keçərək beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrildiyini söyləyib.K.Bozumbayev iki ölkə münasibətlərinin hərtərəfli inkişafında Birgə Hökumətlərarası Komissiyanın rolundan danışaraq, bugünkü iclasın əməkdaşlığın daha da inkişafı üçün yeni imkanlar yaradacağını söyləyib.İclasda çıxış edən energetika naziri, komissiyanın həmsədri Pərviz Şahbazov tarixən dil, din və mədəni köklərlə bağlı olan Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin inkişafının bütün sahələri əhatə etdiyini və mühüm layihələrlə hər iki ölkənin enerji və nəqliyyat dəhlizinə çevrildiyini deyib.Nazir ötən ilin aprel ayında Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfəri zamanı ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, idxal-ixrac imkanlarından geniş istifadə ilə bağlı hər iki ölkənin dövlət rəhbərləri tərəfindən tapşırıqlar verildiyini xatırladıb.“Bu tapşırıqlar əsasında hazırlanan və 2018-2020-ci illəri əhatə edən Strateji Yol Xəritəsi üzrə ötən dövr ərzində mühüm addımlar atılıb. Bugünkü iclas xəritədə nəzərdə tutulan təbirlərin icrasını nəzərdən keçirməklə bütün sahələrdə qarşılıqlı münasibətlərin genişləndirilməsinə, mövcud potensialdan yeni istiqamətlər üzrə əməkdaşlığa başlamağa töhfə verəcək”, - deyə o bildirib.İclasda Hökumətlərarası Komissiyanın 2017-ci il dekabrın 7-də Bakıda keçirilmiş 14-cü iclasının Protokolunda qeyd olunan müvafiq sahələr üzrə görülmüş işlər müzakirə edilib. Ticarət-iqtisadiyyat sahəsində əlaqələrin hazırkı vəziyyəti nəzərdən keçirilib.Qeyd olunub ki, bu ilin 9 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 65,6 faiz artaraq 169,8 milyon ABŞ dolları olub. Azərbaycandan Qazaxıstana ixrac 65,1 faiz artaraq 36 milyon dollar, idxal isə 65,8 faiz yüksələrək 133,8 milyon dollar olub. Ticarət-iqtisadi, yanacaq-energetika, nəqliyyat, kənd təsərrüfatı, humanitar, mədəni və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı stimullaşdırmaq üçün əlavə tədbirlərin görülməsinin, sərgi, konfrans, biznes forumların keçirilməsinin vacibliyi vurğulanıb. İki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün potensial ixrac məhsulları və şirkətlərin müəyyənləşdirilməsi, Qazaxıstanın infrastruktur layihələrinin həyata keçirilməsində Azərbaycan şirkətlərinin, eləcə də Sumqayıt Kimya Sənaye Parkında qazax şirkətlərinin iştirakının nəzərdən keçirilməsi razılaşdırılıb.İki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri kimi enerji sektoruna da diqqət yetirilib. Strateji Yol Xəritəsinə və Hökumətlərarası Komissiyanın 14-cü iclasında əldə edilmiş razılığa uyğun olaraq “Qazaxıstanın neft və neft məhsullarının Azərbaycan üzərindən tranziti” və “Qazaxıstan mənşəli mayeləşdirilmiş təbii qazın (LNG) Xəzər dənizi vasitəsilə Azərbaycana çatdırılması və nəqli” üzrə işçi qruplarının yaradılması və Bakıda ilk iclasın keçirilməsi enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edən tədbirlər kimi qiymətləndirilib. Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan və Bakı-Novorossiysk boru kəmərləri ilə nəqli, eləcə də sıxılmış və mayeləşdirilmiş qazın Azərbaycan vasitəsilə ixracı imkanları və bu məhsulların dəmir yolu vasitəsilə daşınması kimi məsələlər müzakirə edilib. Bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlıq perspektivlərini öyrənmək barədə razılıq əldə olunub.İclasda, həmçinin nəqliyyat sahəsində əməkdaşlığa da geniş toxunulub. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz nəqliyyat sahəsində əlaqələrin güclənməsinə təkan verdiyi qeyd olunub. Azərbaycan və Qazaxıstan ərazisindən keçən Transxəzər beynəlxalq nəqliyyat marşrutunun rəqabət qabiliyyətinin artırılması və bu marşruta beynəlxalq yükdaşımaların cəlb edilməsi üçün işlərin davam etdirilməsi qərara alınıb.Bundan başqa, kənd təsərrüfatı, əmək və əhalinin sosial müdafiəsi, miqrasiya, səhiyyə, mədəniyyət, təhsil, ətraf mühitin mühafizəsi, gənclər və idman, dövlət qulluğu, əqli mülkiyyət, müqavilə-hüquqi bazanın inkişafı və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.Sonda ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan birgə hökumətlərarası komissiyasının 15-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi hökumətlərarası komissiyanın həmsədrləri - Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın energetika naziri Kanat Bozumbayev imzalayıblar.

Astanada Azərbaycan və Qazaxıstan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək

Astanada oktyabrın 30-31-də Azərbaycan və Qazaxıstan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək.AZƏRTAC xəbər verir ki, Azərbaycan-Qazaxıstan Hökumətlərarası Birgə Komissiyasının həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın energetika naziri Kanat Bozumbayevdir.İclasda keçən il aprel ayında Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Bakıya səfəri zamanı ölkə başçıları tərəfindən qarşıya qoyulan əsas məsələlərin icra vəziyyətinin müzakirəsi, əvvəlki iclasın protokollarında əks olunmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı hesabat və 2019-2020-ci il üçün iki ölkə hökumətinin qarşısında duran vəzifələr müzakirə olunacaq.Həmçinin iclasda tranzit-logistika sektoru, kənd təsərrüfatı, enerji, kimya sənayesi və başqa sahələrdə əməkdaşlıq məsələlərinə baxılacaq.

Bakıda “Türk dünyasının ortaq dili – naxışlar” mövzusunda beynəlxalq simpozium işə başlayıb

Oktyabrın 25-də Azərbaycan Xalça Muzeyində üçüncü “Türk dünyasının ortaq dili – naxışlar” mövzusunda beynəlxalq simpozium işə başlayıb.AZƏRTAC xəbər verir ki, simpozium Mədəniyyət və Turizm Nazirliyi, Yunus Əmrə İnstitutu, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, MDB-nin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun birgə təşkilatçılığı ilə reallaşıb.Tədbirdə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək simpoziumun əhəmiyyətindən danışıb. Deyib ki, bu il ölkəmizdə üçüncü dəfə təşkil edilən simpoziumun coğrafiyası olduqca genişdir. Belə ki, simpoziumda türkdilli ölkələrlə yanaşı, bir sıra digər ölkələrdən də aparıcı tədqiqatçılar, kolleksiyaçılar, xalçaçı rəssamlar və bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər iştirak edirlər. Belə ki, 22 ölkədən sənətşünaslar, rəssamlar, moda sənayesi xadimləri də simpoziumun işinə töhfə verəcəklər.Bildirib ki, simpoziumun təşkilində məqsəd bu tədbir vasitəsilə türk xalqlarının ortaq mirası olan xalça naxışlarının araşdırılması sahəsində aparılan tədqiqat işlərini daha da genişləndirmək, xalqımızın öz milli-mədəni dəyərlərinə olan qayğı və diqqətini, bu sahədə olan biliklərini daha da təkmilləşdirməkdən ibarətdir. “Keçə sənətindəki kəsişmə nöqtələri” mövzusunda keçirilən simpozium çərçivəsində “Keçə sənəti müasir incəsənətdə” və “Ənənəvi keçə sənəti” adlı sərgilərin açılışı da nəzərdə tutulur.Çıxış edən digər natiqlər simpoziumun əhəmiyyətindən və iştirakçı ölkələr arasında qarışlıqlı əməkdaşlıq əlaqələrindəki rolundan söz açıblar.

Xalq yazıçısı Ənvər Məmmədxanlının “Babək” romanı Türkiyədə nəşr olunub

Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan kitabının tanıdılması və dünyəviləşdirilməsi məqsədilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi ilə əlaqədar seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi davam etdirilir. Yaxın tarixdə layihə üzrə Türkiyədə görkəmli yazıçı, kinodramaturq Ənvər Məmmədxanlının “Babək” romanı nəşr olunub.Nazirlikdən AZƏRTAC-a bildirilib ki, şair-tərcüməçi Yurtseven Şen tərəfindən türkcəyə çevirilən və “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatında çap olunan kitab Türkiyəli oxuculara təqdim edilib.Görkəmli yazıçı Ənvər Məmmədxanlının Azərbaycanın tarixi qəhrəmanı Babək barədə qələmə aldığı "Babək" romanı orijinal təhkiyə tərzi və tarixi koloriti əks etdirməsi baxımından qiymətli əsərdir. Qeyd edək ki, Ənvər Məmmədxanlı romanı sonadək tamamlaya bilməmiş, ölümündən sonra Xalq yazıçısı Anar həmin romanı və Ə.Məmmədxanlının “Babək” kinossenarisini birləşdirib “Azərbaycan” jurnalında çap etdirib.

Türkiyə KİV-ləri “Star” zavodunun açılışını Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının göstəricisi kimi qiymətləndirir

Oktyabrın 19-da İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi Türkiyənin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. Türkiyənin aparıcı KİV-ləri “Star”ın əhəmiyyəti, bu layihənin Türkiyə-Azərbaycan birliyinin, həmrəyliyinin, dostluğunun göstəricisi olması barədə reportajlar, analitik yazılar, ekspert rəyləri yayırlar. Qardaş ölkənin mətbuatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın mərasimdəki çıxışlarına geniş yer ayırır.Anadolu Agentliyi açılış mərasimindən 23 şəkildən ibarət fotosessiya təqdim edib. Eyni zamanda, mərasimdən videomaterial yayan agentlik Prezident İlham Əliyevin “Türkiyə beynəlxalq aləmdə söz sahibidir və bu, bizi çox sevindirir” fikrindən istifadə etməklə xüsusi xəbər hazırlayıb. İhlas (İHA) agentliyi, o cümlədən onlarla digər xəbər portalı “Star”ın əhəmiyyəti ilə bağlı geniş yazılar yayıb.“Haber TÜRK” televiziya kanalı “Star” layihəsinin iqtisadi göstəriciləri, o cümlədən dövlət başçılarının çıxışlarına istinadla əhəmiyyəti barədə reportajlar verib.Açılış mərasimi ilə bağlı geniş reportaj yayan “TRT HABER” televiziya kanalı rəsmi saytında yazıları “Prezident Ərdoğan: Bu zavod Türkiyənin ən böyük enerji layihəsidir”, “Türkiyə və Azərbaycan ordularının rəsmi keçidlərini birlikdə izlədik”, “Star” enerji sahəsində həmrəyliyimizi gücləndirmək üçün həyata keçirdiyimiz işlərin ən önəmlisidir” və s. yarımbaşlıqlarla oxuculara təqdim edib.Türkiyənin “Hüriyyet” qəzetinin dərc etdiyi “Dünya “Star”ı” adlı analitik məqalədə müəllif Azərbaycan və Türkiyə prezidentlərinin “Star”ın dostluğun və qardaşlığın nümunəsi olması ilə bağlı fikirlərini xüsusi qeyd edib. Bildirilib ki, bu zavod Avropa, Yaxın Şərq və Şimali Afrikanın ən nəhəng sənaye kompleksidir.“Sabah” qəzeti “Star” neft emalı zavodunun Azərbaycan və Türkiyə üçün əhəmiyyətini vurğulayıb, bu sənaye mərkəzinin perspektivinə diqqət çəkib.“Yeni Şəfəq” qəzetinin yaydığı materialda dövlətimizin başçısının Türkiyədə qardaş məhəbbəti ilə qarşılanması, “Star” neft emalı zavodunun geniş imkanları, bu nəhəng layihənin perspektivləri barədə mühüm məqamlar yer alıb.KİV-lər, həmçinin Prezident Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan torpaqlarının 20 faizinin əsrin dörddəbiri qədər işğal altında qalması qəbul edilə bilməz. Ölkəmizin və Azərbaycanın bu münaqişənin həlli istiqamətində göstərdiyi təşəbbüslərə beynəlxalq ictimaiyyət daha səssiz qala bilməz”, - fikrinə də geniş yer ayırıb.Türkiyə mətbuatı yazır ki, “Star Rafineri”nin yaradılması üçün 6,3 milyard dollar sərmayə qoyan Azərbaycan növbəti mərhələdə əlavə 700 milyon dollar yatırım edəcək. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP neft-qaz kəmərlərinin, Cənub Qaz Dəhlizinin, Bakı-Tbilisi-Qars dəmir yolunun yaradılması Azərbaycan və Türkiyənin qardaşlıq münasibətlərinin, qarşılıqlı inam və etibarının təcəssümüdür. Bu nəhəng layihələr təkcə Azərbaycan və Türkiyə, iki qardaş xalq üçün deyil, bölgə, dünya, Avrasiya üçün çox böyük önəm daşıyır.“Star” neft emalı zavodunun iqtisadi gücünə diqqət çəkən KİV-lər oxuculara məlumat verir ki, bu nəhəng layihə hər iki ölkəyə böyük məbləğdə qazanc gətirməklə bərabər, neft və kimya məsullarının idxalında asılılığı aradan qaldıracaq. Çox sayda daimi iş yeri açılacaq, o cümlədən “Star”da istehsal olunan məhsullar hesabına yeni-yeni sənaye müəssisələri yaradılacaq.

"AzerTelecom" Aşqabadda keçirilən beynəlxalq konfrans və sərgidə iştirak edir

Aşqabadda, Türkmənistan Ticarət və Sənaye Palatasının binasında “Türkməntel-2018” XI Beynəlxalq Konfrans və Sərgisi keçirilir.Konfransda 21 ölkədən 80-dən çox xarici rabitə və yayım şirkəti iştirak edir. Sony, Huawei, Airbus, Iskratel, Thales, Lenovo, Rostelecom şirkətlərinin iştirak etdiyi konfrans və sərgidə Azərbaycanı "AzerTelecom" internet provayder şirkəti təmsil edir.Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun tədbir iştirakçılarına təbrik məktubu oxunub."AzerTelecom" Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayder şirkətidir. Şirkətin sərgidə iştirak etməkdə məqsədi telekommunikasiya xidmətlərinin yerli və beynəlxalq iştirakçılara təqdim edilməsi, fikir və təcrübə mübadiləsinin aparılması, texnoloji yeniliklərlə tanışlıq, eləcə də şirkətin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsidir.

Azərbaycan nümayəndə heyəti Latviyada keçiriləcək parlament seçkilərini müşahidə edəcək

Latviya oktyabrın 6-da keçiriləcək parlament seçkilərinə hazırlaşır. Seçkilərdə beynəlxalq müşahidəçi qismində 30 ölkədən 60 nümayəndə iştirak edəcək.AZƏRTAC xəbər verir ki, bu barədə Latviya Mərkəzi Seçki Komissiyasının sədri Arnis Simdars məlumat verib.Müşahidəçilər Azərbaycan, Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Cənubi Koreya, Rusiya, Litva, Moldova, Özbəkistan, Ukrayna və digər ölkələrdən, həmçinin Avropa Təhlükəsizliyi və Əməkdaşlığı Təşkilatındandır. Müşahidəçi qismində olaraq yerli və xarici partiyaların rəhbərləri də iştirak edə bilərlər.Azərbaycandan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti və Milli Məclisin deputatı, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Kamran Bayramov seçkiləri izləmək üçün oktyabrın 4-dən 7-dək Riqa şəhərində səfərdə olacaqlar.Səsvermə prosesi 954 məntəqədə səhər saat 07:00-dan başlayacaq və axşam 20:00-dək davam edəcək.

Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib | Foto

Prezident İlham Əliyev iclasda iştirak edibBakı, 21 sentyabr, AZƏRTACSentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib.AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xaricdən dəvət olunmuş çoxsaylı qonaqlar iclasda iştirak ediblər.Dövlətimizin başçısı iclasda nitq söylədi.Prezident İlham Əliyev Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi münasibətilə təbriklərini çatdırdı. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını tarixi hadisə adlandıran dövlətimizin başçısı xalqımızın Şərqdə ilk demokratik respublikanın yaradılması ilə fəxr etdiyini bildirdi. Cümhuriyyət dövründə bir sıra dövlət atributlarının təsis edildiyini deyən Prezident İlham Əliyev Azərbaycan dövlətinin Cümhuriyyətin və onun qurucularının fəaliyyətini yüksək qiymətləndirdiyini vurğuladı, bu il “Cümhuriyyət İli” çərçivəsində dövlət səviyyəsində bir sıra tədbirlərin keçirildiyini diqqətə çatdırdı.1991-ci ildə bir əsrdə ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycanda ilk illərdə vəziyyətin acınacaqlı olduğunu, ölkəmizin çətin sınaqlarla üz-üzə qaldığını deyən dövlətimizin başçısı o ağır vaxtlarda xalqın müdriklik göstərərək Heydər Əliyevi hakimiyyətə dəvət etdiyini, onun respublikaya rəhbərliyindən sonra ölkədə önəmli addımların atıldığını, Azərbaycanın tədricən ağır vəziyyətdən çıxdığını bildirdi. “Bugünkü inkişafımızda Azərbaycan parlamentinin də payı var”, - deyən Prezident İlham Əliyev Milli Məclisin müstəqilliyimizi möhkəmləndirdiyini, ölkəmizin inkişafına öz töhfəsini verdiyini vurğuladı. Burada qəbul olunan qanunların həyatımızın bütün sahələrini əhatə etdiyini və bizim qanunvericilik bazamızın ən yüksək meyarlara cavab verdiyini deyən dövlətimizin başçısı qeyd etdi ki, parlament çoxpartiyalı sistemin təkmilləşdirilməsində önəmli rol oynayıb və milli maraqlar məsələsində deputatlarımız bir nöqtəyə vurur, vətənpərvərlik göstərərək dövlətin maraqlarını beynəlxalq səviyyədə müdafiə edirlər. Deputatlarımızın beynəlxalq təşkilatlar çərçivəsində də fəal iş apardığını, Azərbaycan reallıqlarını dünyaya çatdırdığını deyən Prezident İlham Əliyev vurğuladı ki, onların fəaliyyətinin əsas istiqamətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin çatdırılması təşkil edir və bu işdə son illərdə bir sıra uğurlara nail olunub.Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışarkən dövlətimizin başçısı qeyd etdi ki, işğal olunmuş torpaqlarda bütün infrastruktur dağıdılıb, milli sərvətimiz talan olunub, xalqımıza qarşı hərbi cinayət - Xocalı soyqırımı törədilib. Ermənistan münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qətnamələrə məhəl qoymur, işğalçılıq siyasətini davam etdirir. Baxmayaraq ki, münaqişənin yeganə həlli yolu Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir. “Bununla bağlı Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir”, - deyən Prezident İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan öz prinsipial mövqeyindən geri dönməyəcək. Çünki Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır və o, Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq.Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihənin reallaşdırılmasının mümkün olmadığını, getdikcə ölkəmizin bütün sahələrdə gücünün artdığını, Azərbaycanın beynəlxalq səviyyədə, qonşu ölkələrlə uğurlu əlaqələr qurduğunu deyən Prezident İlham Əliyev qeyd etdi ki, son 15 ildə iqtisadiyyatımız 3,2 dəfə artıb, Dünya İqtisadi Forumunun iqtisadiyyatın rəqabətqabiliyyətlilik hesabatına görə Azərbaycan dünya miqyasında 35-ci, inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə 3-cü yerdə qərarlaşıb. Beynəlxalq reytinqlərə görə Azərbaycan Ordusu dünyada ən güclü 50 ordu sırasındadır. Bir neçə gündən sonra orbitə üçüncü süni peykimiz çıxarılacaq.Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələrinin önəmini vurğulayan, ölkəmizin dünyadakı təhlükəsizliyə mühüm töhfə verdiyini, Azərbaycanın multikulturalizmin mərkəzlərindən birinə çevrildiyini deyən Prezident İlham Əliyev bundan sonra da ölkəmizin inkişafı ilə bağlı tədbirlərin görüləcəyini söylədi.Bu gün Azərbaycanın dünya xəritəsində bir uğur nümunəsi olduğunu, ölkəmizin tam müstəqil siyasət yürütdüyünü deyən dövlətimizin başçısı Azərbaycanın öz milli maraqlarını tam təmin etdiyini və Azərbaycan parlamentinin bu işdə mühüm rolunun olduğunu diqqətə çatdırdı.Sonra Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təşkil olunan mərasimin iştirakçıları xatirə şəkli çəkdirdilər.

Azərbaycan idmançıları III Dünya Köçəri Oyunlarında indiyədək 13 medal qazanıblar

Azərbaycan idmançıları III Dünya Köçəri Oyunlarında indiyədək 13 medal qazanıblar.AZƏRTAC xəbər verir ki, medalların 5-i gümüş, 8-i bürüncdür.Qeyd edək ki, sentyabrın 5-də pəhləvan güləşi yarışlarında Cəlal Süleymanov (70 kq) və Roman Bəkirov (90 kq) millimizin aktivinə iki bürünc medal yazdırıblar.

Tehranda OANA İcraiyyə Komitəsinin 43-cü iclasının rəsmi açılışı olub

Tehran, 3 sentyabr AZƏRTACSentyabrın 3-də İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 43-cü iclasının rəsmi açılış mərasimi keçirilib.AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iclasda İranın İRNA Dövlət Agentliyinin baş direktoru Seyid Ziya Haşemi, bu ölkənin mədəniyyət və islami irşad naziri Abbas Salehi, AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın prezidenti Aslan Aslanov və Bolqarıstanın BTA Agentliyinin baş direktoru, 2019-2022-ci illərdə Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edəcək Maksim Minçev çıxış etdilər.Sonra İcraiyyə Komitəsinin sessiyası işə başladı.Sessiyada Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Sergey Mixaylov, baş direktorun birinci müavini Mixail Qusman, Vyetnamın VNA Xəbər Agentliyinin baş direktoru Nguyen Duk Loi, Qətərin QNA Agentliyinin baş direktoru Yusif İbrahim əl-Maliki, həmçinin Türkiyənin Anadolu, Cənubi Koreyanın Yonhap, Çinin Sinxua, Yaponiyanın Kyodo, Monqolustanın MONTSAME, Bəhreynin BNA, İndoneziyanın ANTARA və Malayziyanın Bernama agentliklərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.Qurumun baş katibi Vüqar Seyidovun moderatorluğu ilə keçən işçi iclasda AZƏRTAC tərəfindən OANA-nın işinin təkmilləşdirilməsi istiqamətində irəli sürülən təkliflər müzakirə edildi. Müzakirələr zamanı bir sıra agentliklər bu təkliflərin OANA-nın işinin səmərəliliyini artıracağına əminliklərini bildirdilər, onların qəbul olunmasına razılıqlarını ifadə etdilər.Yonhap agentliyinin beynəlxalq əlaqələr departamentinin direktoru xanım Kim Jinhyunq iclasda çıxış edərək OANA-nın Baş Assambleyasının 2019-cu il noyabrın 6-9-da Seul şəhərində keçirilməsi üçün ciddi hazırlıq işlərinin aparıldığını dedi.Tədbirdə, həmçinin İranın İRNA agentliyinin 2022-ci ildə OANA-ya prezidentliyi məsələsi də müzakirə olundu. Bu təşəbbüs İcraiyyə Komitəsinin üzvləri tərəfindən qəbul olundu və səsə qoyulması üçün OANA-nın Baş Assambleyasına təqdim ediləcəyi bildirildi.VNA agentliyinin baş direktoru Nguyen Duk Loi çıxış edərək dedi ki, Vyetnam hökuməti OANA İcraiyyə Komitəsinin 2019-cu il aprelin 18-21-də Hanoyda keçirilməsini təklif edir.Həmçinin Monqolustanın MONTSAME Milli Xəbər Agentliyinin OANA İcraiyyə Komitəsinə 2020-ci ildə ev sahibliyi etmək istədiyi, Türkiyənin Anadolu agentliyinin də belə tədbirin keçirilməsində maraqlı olduğu bildirildi.

Dövlət başçılarının şərəfinə ziyafət

Çolpon-Ata, 3 sentyabr, AZƏRTACSentyabrın 3-də Çolpon-Ata şəhərində Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun adından Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan dövlətlərin başçılarının şərəfinə rəsmi ziyafət verilib.AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ziyafətdə iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasına səfərə gəlib

Çolpon-Ata, 2 sentyabr, AZƏRTACAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində iştirak etmək üçün sentyabrın 2-də Qırğız Respublikasına səfərə gəlib.AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Çolpon-Ata şəhərinin İssuk-Kul beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Qırğız Respublikası Baş nazirinin birinci müavini Kubatbek Boronov və İssık-Kul vilayətinin qubernatoru Akılbek Osmonaliyev qarşıladılar.

Qırğızıstanda keçiriləcək üçüncü Dünya Köçəri Oyunlarında Azərbaycanı 39 idmançı təmsil edir

Bişkek, 2 sentyabr, АZƏRTACQırğızıstanın İssık-Kul gölünün sahilindəki Çolpon-Ata şəhərində üçüncü Dünya Köçəri Oyunlarının (DKO) açılışı ilə bağlı mətbuat konfransı keçirilib.Qırğızıstan mədəniyyət, informasiya və turizm nazirinin müavini Aynura Temirbekova bildirib ki, Oyunları dünyanın 60 ölkəsindən 500-dən artıq jurnalist işıqlandıracaq.Gənclər, Mədəniyyət və İdman üzrə Dövlət Agentliyinin direktoru Kanat Amankulov isə qeyd edib ki, proqrama idmanın 37 növü üzrə yarışlar salınıb.O deyib ki, idmançılara 594 dəst medal veriləcək. Bunun 174-ü qızıl, 173-ü gümüş, 247-si bürünc medallardır.Xatırladırıq ki, Oyunlarda Azərbaycanı məşqçilərlə birlikdə 39 idmançı təmsil edir.Oyunların rəsmi açılış mərasimi axşam saatlarında olacaq. Qulu Kəngərli

Qırğızıstanda Türk Şurasına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Bişkek, 1 sentyabr, AZƏRTACSentyabrın 2-də Bişkek şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.AZƏRTAC Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda türk dövlətləri arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi, o cümlədən iqtisadi-ticarət, mədəniyyət və humanitar sahələrdə regional əməkdaşlığın dərinləşdirilməsi, Türk Şurasının və digər türk institutlarının gələcək inkişaf perspektivləri müzakirə ediləcək.Görüşdə, həmçinin türk təşkilatlarının rəhbərləri, o cümlədən qonaq qismində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyarto da iştirak edəcək.Qulu Kəngərli

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndələri “ASAN xidmət”də

Bakı, 31 avqust, AZƏRTACAzərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Nümayəndəliyinin əlaqələndiricisi Teoman Tiryaki ilə görüşüb.Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Ülvi Mehdiyev “ASAN xidmət” mərkəzlərinin yaradılmasının məqsədləri və fəaliyyət istiqamətləri barədə qonağa ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.Diqqətə çatdırılıb ki, bu günədək 24 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb. “ASAN xidmət” BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.Görüş zamanı Dövlət Agentliyi ilə TİKA arasında əməkdaşlıq perspektivləri də müzakirə edilib.

Bakıda “Avrasiya CİS konfransı – 2018” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

Bakı, 31 avqust, AZƏRTACAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Türkiyənin Səlcuq Universitetinin birgə təşkilatçılığı ilə Bakıda sentyabrın 4-dən 7-dək “Avrasiya CİS konfransı – 2018” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsinin əsas məqsədi müasir dövrdə coğrafi informasiya sistemlərindən (CİS) elmin və təsərrüfatın müxtəlif sahələrində istifadə imkanlarını aşkara çıxarmaqdır.Konfransda Türkiyə, Rusiya, ABŞ, Qazaxıstan, Moldova və digər ölkələrin nümayəndələri - elm adamları iştirak edəcəklər. Beynəlxalq tədbirdə müxtəlif ölkələrdən gəlmiş 150-dək alimin məruzələri dinlənilib müzakirə olunacaq. Sonda müvafiq qərar qəbul edilərək əlaqədar və marağı olan təşkilatlara göndəriləcək.Qeyd edək ki, Prezident İlham Əliyev ölkədə elektron hökumətin qurulması, məkan məlumatlarının strukturu, onların hökumət portallarında yerləşdirilməsi haqqında sərəncam və göstərişlər verib. Bu sərəncamların icrasının atributlarından biri CİS texnologiyalarının ölkə ərazisində inkişaf etdirilməsi, onun nəzəri problemlərinin öyrənilməsi, praktikada tətbiq olunmasıdır.

Azərbaycanda keçiriləcək növbəti Qran-Prinin tarixi açıqlanıb

Bakı, 31 avqust, Nicat Məmmədov, AZƏRTAC2019-cu ildə Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinin tarixi açıqlanıb.AZƏRTAC xəbər verir ki, gələn il yarış aprelin 28-də keçiriləcək.Qeyd edək ki, ötən il aprelin 27-dən 29-dək Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisinin qalibi “Mercedes” komandasının pilotu Luis Hemilton olub.

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Bakı, 29 avqust, AZƏRTACAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana səfərə gəlib

Bakı, 28 avqust, AZƏRTACTürkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 28-də Azərbaycana səfərə gəlib.AZƏRTAC xəbər verir ki, ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Heydər Əliyev Beynəlxalq Aeroportunda Binəli Yıldırımı Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.

Növbəti ixrac missiyası Çinə gedir

Azərbaycan məhsulları Urumçidə keçiriləcək “Çin-Avrasiya” sərgisində nümayiş olunacaqBakı, 27 avqust, AZƏRTAC"Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ixrac missiyası avqustun 29-dan sentyabrın 3-dək Çin Xalq Respublikasının Urumçi şəhərinə təşkil olunacaq.Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ixrac missiyasına müsabiqə əsasında seçilmiş və qida, təbii mineral sular, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə istehsalı sahəsində fəaliyyət göstərən 21 Azərbaycan şirkəti daxildir.Səfər zamanı Azərbaycan və Çin şirkətlərinin nümayəndələri arasında ikitərəfli görüşlər keçiriləcək, ixrac məsələləri müzakirə ediləcək.İxrac missiyası çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə ölkəmizin məhsulları Urumçidə keçiriləcək "Çin-Avrasiya" sərgisində də nümayiş olunacaq.

Türk dünyasının ziyalıları Dövlət Pedaqoji Universitetində olublar

Bakı, 27 avqust, AZƏRTACAvqustun 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Türk dünyasının vətəndaş cəmiyyəti institutlarının inkişaf modelləri” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizə gələn türk dünyasının tanınmış ziyalıları Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olublar.ADPU-dan AZƏRTAC-a bildirilib ki, rektor Cəfər Cəfərov rəhbərlik etdiyi universitet haqqında qonaqlara məlumat verib. Qeyd edilib ki, 1921-ci ildə yaradılan ADPU ölkəmizdə ilk azərbaycandilli universitet olub və fəaliyyəti dövründə 160 mindən çox pedaqoji kadr hazırlayıb. Üç il əvvəl Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan Müəllimlər İnstitutu filialları ilə birlikdə bu ali məktəbə qoşulub. ADPU-nun səkkiz fakültəsi, 35 kafedrası, beş filialı var. Tədris dörd binada aparılır. Ölkəmizin ən böyük orta ixtisas təhsil müəssisəsi olan Azərbaycan Dövlət Pedaqoji Kolleci ADPU-nun nəzdində fəaliyyət göstərir. Bakı şəhərindəki Məmməd Rahim adına 7 nömrəli tam orta məktəb ADPU-nun baza məktəbi müəyyənləşdirilib. Hazırda ADPU-da 18 minədək tələbə təhsil alır.Şair-publisist, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Dünya Gənc Türk Yazarları Birliyinin sədri Əkbər Qoşalı bildirib ki, görüşdə iştirak edən ziyalılar Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün əzmlə fəaliyyət göstərirlər.Yakutiya Yazıçılar Birliyinin sədri, xalq şairi Natalya Xarlampyeva, Anadolu Sənətçilər, Şairlər, Ozanlar, Elm Adamları Birliyinin rəhbəri Sabit İncə, Qocaeli Şairlər-Yazarlar Dərnəyinin rəhbəri Alptəkin Cevhərli, Özbəkistanın Gənc Yaradıcılar Birliyinin eksperti, türkoloq Şahina İbrahim və başqaları inteqrasiya və qloballaşma şəraitində türk xalqlarının sıx əlaqədə olmalarının vacibliyini vurğulayıblar.Görüşdə türk dünyasının tarixi, dili, ədəbiyyatı, mədəniyyəti və birliyi ilə bağlı maraqlı fikir mübadiləsi aparılıb.Sonra qonaqlar ADPU-da fəaliyyət göstərən TÜRKSOY kafedrası ilə tanış olublar.ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov bildirib ki, bu ali məktəb Türkiyənin bir çox universitetləri ilə uğurlu əməkdaşlıq edir. Universitetdə TÜRKSOY kafedrasının yaradılması da bu istiqamətdə atılan vacib addımlardandır. TÜRKSOY kafedrası ölkəmizin ali təhsil müəssisələri arasında ilk dəfə ADPU-da yaradılıb. Kafedranın yaradılmasının məqsədi türk xalqları ilə əlaqələri daha da genişləndirməkdir.

“Türk və Azərbaycan ədəbiyyatında sevgi şeirləri” adlı antologiyanın təqdimatı keçirilib

Bakı, 27 avqust, Zərəngiz Mansurova, AZƏRTACAvqustun 27-də Azərbaycanda Atatürk Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun 100 illiyinə həsr olunan “Türk və Azərbaycan ədəbiyyatında sevgi şeirləri” adlı antologiyanın birinci cildinin təqdimatı keçirilib. Kitab “Bir millət, iki dövlət!” devizi altında nəşr edilib.AZƏRTAC xəbər verir ki, kitabın həmmüəlliflərindən biri, əslən azərbaycanlı Nəzmiyə Hicran “Orhun Yayınları”nda dərc olunmuş antologiyada həm türk, həm də azərbaycanlı klassiklərin əsərlərinin toplandığını bildirib. Qeyd edib ki, Abdullah Tüylü ilə birgə ərsəyə gətirdiyi nəşrin məqsədi əsasən türk ədəbiyyatına böyük töhfələr vermiş iki qardaş xalqın ədiblərini gənclərə və gələcək nəslə tanıdılmasıdır.Kitabda repressiya qurbanları Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, habelə Xalq şairləri Səməd Vurğun, Hüseyn Arif, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Osman Sarıvəlli, Məmməd Rahim, Süleyman Rüstəm, Rəsul Rza, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə və başqa şairlərlə yanaşı, böyük türk ədibləri - Nazim Hikmət, Abdurrahim Karakoç, Ahmet Hamdi Tanpınar, Ataol Behramoğlu, Necib Fazil Qısakürək, Hüseyn Nihal Atsız və digərlərinin əsərləri dərc olunub.Tədbirdə çıxış edən Nəriman Qasımoğlu, Aliyə Əsədova, Zərəngiz Qayalı, “Orhun Yayınları”nın direktoru Dursun Yelken, gənc şairə Damla Abuzərli, “Xocalını tanıtım” İctimai Birliyinin sədri Şamil Sabiroğlu və başqaları mədəniyyəti, mənəviyyatı, dili, dini eyni olan iki qardaş xalq arasında ədəbi əlaqələrin möhkəmlənməsinin, iki xalqın ədiblərinin gənc nəslə tanıdılmasının vacib olduğunu vurğulayıblar.Tədbirdə “Qafqaz Media” İctimai Birliyinin sədri Azadə Hüseynova rəhbərlik etdiyi qurumun “Cəsarətli qələm” mükafatını antologiyanın həmmüəllifləri Abdullah Tüylüyə və Nəzmiyyə Hicrana təqdim edib.Bildirilib ki, üç cilddə nəşr ediləcək antologiyanın növbəti nəşrlərində orta və gənc nəsil şairlərinin şeirləri toplanacaq.Sonda Türkiyə-Azərbaycan dostluğuna həsr edilmiş şeirlər səsləndirilib, xatirə şəkli çəkdirilib.

“Türk dünyasının vətəndaş cəmiyyəti institutlarının inkişaf modelləri” mövzusunda müzakirələr aparılıb

Bakı, 27 avqust, Zərəngiz Mansurova, AZƏRTACAvqustun 27-də Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən Azərbaycanda Atatürk Mərkəzində türk xalqları ədəbiyyatını təmsil edən bir qrup şair və yazıçının iştirakı ilə “Türk dünyasının vətəndaş cəmiyyəti institutlarının inkişaf modelləri” mövzusunda konfrans keçirilib.AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov gənc türk yazarlar arasında fikir mübadiləsinin aparılması, müasir ədəbi prosesdə və ümumiyyətlə ideoloji, mədəni mühitdə baş verən hadisələrin müzakirə edilməsi baxımından konfransın əhəmiyyətindən danışıb.Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının sədri Əkbər Qoşalı təşkilatın layihəsi çərçivəsində görülən işlər barədə məlumat verib. Bildirib ki, türk varlığının regionda və dünyada, ədəbiyyatlarımızın qarşılıqlı tanıdılması yolunda xeyli işlər görülüb və bu qəbildən işlər davam etdiriləcək.Vurğulanıb ki, Azərbaycanın türk dövlətləri ilə əlaqələri davamlı olaraq inkişaf etməkdədir. Bu prosesdə Azərbaycan dövlətinin rolu böyükdür.Türk xalqları ədəbiyyatlarını təmsil edən qonaqlar ictimai təşkilatlar və təhsil müəssisələrində, ədəbi qurumlarda keçirdikləri görüşlərdən danışıb, qardaş xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə ehtiyac olduğunu bildiriblər. Çıxış edənlər türk xalqları arasında əlaqələrin genişlənməsində şair, yazıçı və jurnalistlərin mühüm rol oynadıqlarını söyləyiblər.Konfransda bu mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan Prezidentinin və Almaniyanın Federal Kanslerinin geniş tərkibdə görüşü keçirilib

Bakı, 25 avqust, AZƏRTACAvqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti və Almaniyanın Federal Kansleri görüşdə çıxış etdilər.Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:- Hörmətli xanım Kansler.Hörmətli qonaqlar.Mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz.Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər çox uğurlu olacaq və Almaniya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcək.Biz Sizinlə dəfələrlə görüşmüşük, aramızda siyasi dialoq fəal şəkildə aparılır və çox şadam ki, bu gün Siz Azərbaycandasınız. Bu, tarixi bir səfərdir.İkitərəfli əlaqələrimizin gündəliyi çox genişdir, siyasi, iqtisadi əlaqələr, ticarət əlaqələri, regional məsələlər - yəni, bütün bu məsələləri bu gün müzakirə edəcəyik. Əminəm ki, səfəriniz əlaqələrimizə yeni təkan verəcək.Bir daha xoş gəlmisiniz.X X XAlmaniya Kansleri Angela MERKEL çıxış edərək dedi:- Hörmətli cənab Prezident.Hörmətli Azərbaycan tərəfinin nümayəndələri.Mən çox şadam ki, Azərbaycandayam. Biz artıq bir neçə dəfə görüşmüşük. Amma mən ilk dəfədir ki, bu ölkəyə səfər edirəm.Bizim çoxtərəfli münasibətlərimiz var. Biz artıq beynəlxalq təşkilatlar çərçivəsində, beynəlxalq görüşlər çərçivəsində dəfələrlə görüşmüşük və mən hesab edirəm ki, bu səfər bizim münasibətlərimizə yeni təkan verəcək.Biz həm də mədəniyyət sahəsində əlaqələrimizi də genişləndirə bilərik. Azərbaycanda ilk alman koloniyasının yaradılmasından 200 il keçir. Bəzi insanların bu barədə heç məlumatı yoxdur.Biz iqtisadi əlaqələrimizi genişləndirə bilərik. Azərbaycan bu regionda Almaniyanın ən böyük ticarət tərəfdaşıdır.Biz yəqin ki, bəzi kritik məqamlara da toxunacağıq. Bu da insan hüquqları və humanitar vəziyyətdir.Biz həm də bu regiona çox mane olan məsələ barədə danışacağıq. Bu da Dağlıq Qarabağ münaqişəsidir və biz Almaniya tərəfindən onun həllinə dəstək olmaq istərdik.x x xSonra Azərbaycan Prezidenti İlham Əliyevin adından Almaniyanın Federal Kansleri Angela Merkelin şərəfinə nahar verildi.

Azərbaycan-Koreya Respublikası parlamentlərarası əlaqələri müzakirə olunub

Seul, 25 avqust, AZƏRTACAzərbaycan Respublikasının Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov bu ölkənin parlamentinin sədri Mun Hi-sanq ilə görüşüb.AZƏRTAC xəbər verir ki, görüşdə R.Teymurov Mun Hi-sanqı Koreya parlamentinin sədri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.Səfir Azərbaycan-Koreya əlaqələrinin inkişafında parlament diplomatiyasının roluna toxunaraq, ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsi və yeni mərhələyə çatdırılması istiqamətində bundan sonra da hər iki ölkənin qanunverici orqanları tərəfindən səmərəli və praktik əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.Diplomat iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsində, həmçinin yüksək səviyyəli səfərlərin əhəmiyyətli olduğunu qeyd edib, 2017-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun Koreyaya rəsmi səfərinin qanunverici orqanlar arasında əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verdiyini diqqətə çatdırıb, Mun Hi-sanqın Koreya parlamentinin sədri kimi fəaliyyəti dövründə Azərbaycana səfərinin arzu edildiyini bildirib.R.Teymurov 2018-ci ilin Azərbaycan üçün əlamətdar il olduğunu, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinin qeyd edildiyini və bu çərçivədə bir sıra dövlət əhəmiyyətli tədbirlərin keçirildiyini söyləyib.Koreya Parlamentinin sədri Mun Hi-sanq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə Azərbaycan xalqını təbrik edib. O, hər iki xalqın tarixində və mədəniyyətində mövcud olan bu kimi vacib hadisələrlə bağlı keçirilən müxtəlif tədbirlərin xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında əhəmiyyətli rol oynadığını söyləyib. Mun Hi-sanq ötən illər ərzində Azərbaycan və Koreya arasında əlaqələrin inkişaf etdiyini və xüsusilə qanunverici orqanlar arasında intensiv təmasların mövcud olduğunu təsdiq edib və parlamentin yeni sədri olaraq ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etməsinə çalışacağını bildirib. O, Azərbaycanda səfərdə olmuş deputat həmkarlarından, xüsusilə Koreya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvlərindən ölkəmiz haqda xoş təəssüratlar duyduğunu dilə gətirib.Görüşdə, həmçinin Azərbaycan-Koreya əlaqələrinin inkişafı istiqamətində qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında, o cümlədən Koreya yarımadasında yaranmış mövcud siyasi vəziyyət və Azərbaycan-Ermənistan münaqişəsinə dair fikir mübadiləsi aparılıb.

Düşənbədə MDB ölkələrinin Vergi Xidmətləri Rəhbərlərinin Əlaqələndirmə Şurasının 25-ci iclası keçirilib

Düşənbə, 24 avqust, AZƏRTACDüşənbədə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Vergi Xidmətləri Rəhbərlərinin Əlaqələndirmə Şurasının (VXRƏŞ) 25-ci iclası keçirilib.Tədbirdə Şuranın üzvləri - Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Moldovanın müvafiq qurumlarının rəhbərləri, müşahidəçilər, Koreya Respublikasının və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.Ölkəmizi tədbirdə vergilər nazirinin müavini Sahib Ələkbərov təmsil edib.Yığıncaqda rəqəmsal iqtisadiyyat dövründə vergilərin inzibatiləşdirilməsi və 2017-ci ildə qəbul edilən Tədbirlər Planının yerinə yetirilməsi məsələləri müzakirə olunub.Bundan başqa, bu sahədəki qanunvericiliyə əməl olunması üzrə vergi orqanları arasında əməkdaşlıq və qarşılıqlı yardım, vergi qanunlarının pozulmasının qarşısının alınması ilə bağlı informasiya mübadiləsi məsələləri də araşdırılıb.İclasda Şuranın Tədbirlər Planı da qəbul edilib.Şuranın növbəti iclasının 2019-cu ildə Rusiyada keçirilməsi qərara alınıb.

Azərbaycanda Qurban bayramı qeyd olunur

Bakı, 22 avqust, AZƏRTACBu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.AZƏRTAC xəbər verir ki, Qurban bayramı bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır. Bu il müvafiq tarix miladi təqvimlə avqustun 22-nə təsadüf edir.Bu gün ölkənin bütün məscidlərində Qurban bayramı namazı qılınır. Bundan başqa, Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarlar isə dünəndən Minada qurban kəsiblər.Azərbaycanda bu gün və sabah qurban kəsmək olar.Qurban bayramı ilə əlaqədar avqustun 22-si və 23-ü ölkədə qeyri-iş günüdür.Dini qurban kəsmə mərasimi İslamdan əvvəl də mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulub. Hicrinin (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsi) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yaranıb. Belə ki, dini qurban kəsmə İslam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələnib. Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Əhvalata görə, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazırlaşır, İsmayıl özü də qurban olmağa razılaşır. Bu haqda Müqəddəs Qurani-Kərimdə yazılıb. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazırlaşır. Lakin Allah bunu öz elçisinə rəva bilməyərək ona bir qoç göndərir. Odur ki, Qurbanlıq bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər.İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsasən, Qurban bayramı Azərbaycanda dövlət səviyyəsində bayram edilir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qurban bayramı münasibətilə xalqımıza təbrikində deyilir: "Bayram günləri müsəlmanlarımız Allah və din yolunda öz müqəddəs borcunu yerinə yetirir, qurbanlar kəsilir, imkansızlara və ehtiyacı olanlara yardımlar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, hər belə bayram cəmiyyətimizdə xeyirxahlığın, birlik və bərabərliyin, Vətənə və milli dövlətçiliyə sədaqətin təntənəsinə çevrilir.İnanıram ki, bu mübarək bayram müstəqil Azərbaycan Respublikasının tərəqqisi naminə xalqımızın qəhrəmanlıq və fədakarlıq qüdrətini artıracaq, ölkəmizdə vətəndaş sülhünü və milli-mənəvi həmrəyliyi daha da gücləndirəcəkdir".

Türkiyə-Bolqarıstan sərhədində sıxlıq yaranıb

İstanbul, 19 avqust, AZƏRTACTürkiyə ilə Bolqarıstan arasındakı Kapıkule gömrük-keçid məntəqəsində 18 kilometr uzunluğunda növbə yaranıb.AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Ədirnə şəhərində Türkiyədən Boqlarıstana keçmək üçün 1400-dən çox ağırtonnajlı yük maşını növbə gözləyir. Keçiddəki sıxlığın səbəbi açıqlanmır.Sabir ŞahtaxtıAZƏRTAC-ın xüsusi müxbiriİstanbul

Türkmənistan Prezidenti Xəzəryanı ölkələrin növbəti sammitinin Aşqabadda keçirilməsi təklifini irəli sürüb

Bakı, 18 avqust, AZƏRTACTürkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun sədrliyi ilə bu ölkənin Nazirlər Kabinetinin iclasında Xəzər dənizinin hüquqi statusu üzrə Konvensiyanın müddəalarının yerinə yetirilməsi məsələləri müzakirə olunub.AZƏRTAC Türkmənistan Dövlət İnformasiya Agentliyinə istinadla xəbər verir ki, Q.Berdiməhəmmədov Nazirlər Kabinetinin sədri Rəşid Meredova Xəzər sammitində əldə olunmuş razılaşmaların müddəalarının qısa müddətdə yerinə yetirilməsinə dair tədbirlər planının hazırlanması barədə tapşırıq verib. Dövlət başçısı Xəzəryanı ölkələr arasında ticari-iqtisadi və nəqliyyat sahələrində imzalanmış sənədlərin əhəmiyyətini vurğulayıb, Baş nazirin müavinlərinə təkliflərin hazırlanması ilə bağlı göstəriş verib.Həmçinin 2019-cu ildə Aşqabadda keçiriləcək Birinci Xəzər İqtisadi Forumuna hazırlıq məsələləri müzakirə olunub.İclasda Türkmənistanın Xəzərdə axtarış-xilasetmə işləri üzrə beştərəfli Sazişin hazırlanmasında fəal iştirak etməsi də qərara alınıb. Türkmənistan Prezidenti Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammitinin Aşqabadda keçirilməsi təklifini irəli sürüb.

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Ədalət və İnkişaf Partiyasının Sədri vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib

Bakı, 18 avqust, AZƏRTACAzərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Ədalət və İnkişaf Partiyasının Sədri vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib.AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda deyilir: “Qurucusu olduğunuz partiyanın yenidən Sədri seçilməyiniz partiya üzvlərinin Sizə olan sonsuz inam və etimadının aşkar təzahürü, Türkiyənin inkişafı və rifahı naminə göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir. Bu gün Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri hərtərəfli inkişaf edir və regionda əmin-amanlığın və sabitliyin bərqərar olmasına, inkişafa töhfələr verir”.Qarşılıqlı faydalı əməkdaşlığın, birgə gerçəkləşdirilən irimiqyaslı layihələrin strateji tərəfdaşlığımızı səciyyələndirən mühüm məqamlar olduğunu vurğulayan Prezident İlham Əliyev birgə səylərlə Azərbaycan-Türkiyə müttəfiqliyinin və qardaşlığının bundan sonra da möhkəmlənəcəyinə və inkişaf edəcəyinə əminliyini ifadə edib.

Bu il Azərbaycan MDB ölkələrinə 600 milyon dollarlıq məhsul ixrac edib

Bakı, 18 avqust, AZƏRTACCari ilin yanvar-iyul aylarında Azərbaycandan MDB ölkələrinə 600 milyon 506 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, bu göstərici ötən ilin analoji dövrünə nisbətən 77 milyon 685 min dollar çoxdur.Yeddi ayda MDB ölkələrindən Azərbaycana idxal olunan məhsulun dəyəri isə 1 milyard 487 milyon 38 min dollar təşkil edib.

Azərbaycan Türkiyədə keçiriləcək qısametrajlı film festivalında təmsil olunacaq

Bakı, 16 avqust, AZƏRTACDekabrın 14-16-da Türkiyədə “Dostluq” beynəlxalq qısametrajlı film festivalı keçiriləcək.AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, festival “Balkon Film” prodüser mərkəzinin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, İstanbul bələdiyyəsinin dəstəyi və Türkiyə Prezidenti Administrasiyasının himayəsi altında baş tutacaq.Festivalda Azərbaycan, Hindistan, İran, ABŞ, Braziliya, İspaniya, Fransa, Rusiya, Misir, Argentina, Suriya, Filippin, Banqladeş və digər ölkələrin filmləri iştirak edəcək.Hazırda iştirak üçün ərizələr qəbul olunur, artıq 53 ölkədən 350 müraciət təqdim olunub.“Dostluq” beynəlxalq qısametrajlı film festivalında qalib olacaq ekran əsərinin rejissoruna 40, ikinciyə 20, üçüncüyə isə 12 min lirə pul mükafat veriləcək.Müsabiqə çərçivəsində ayrıca bir qısa filmə 15 min lirə dəyərində “Fəthi Gemuhluoğlu dostluq mükafatı” verilərkən, 3 ekran əsəri isə 5 min lirə dəyərində mükafatlandırılacaq.Festivala filmlərin qəbulu oktyabrın 15-dək davam edəcək.

Azərbaycan Tibb və Türkiyənin Adnan Menderes universitetləri arasında əməkdaşlığa dair razılıq əldə olunub

Bakı, 16 avqust, AZƏRTACTürkiyənin Adnan Menderes Universitetinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub.Tibb Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı iki ali məktəb arasında müəllim və tələbə mübadiləsi, universitet nümayəndələrinin qarşılıqlı elmi işlər aparması və bu kimi digər əməkdaşlıq sahələrinə dair ilkin razılıq əldə olunub.Tədbirdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli qonaqlara rəhbərlik etdiyi ali tibb məktəbində mövcud təhsil sistemi, həyata keçirilən islahatlar və planlaşdırılan layihələr haqqında geniş məlumat verib. Rektor Azərbaycan Tibb Universitetinin Türkiyənin bir çox aparıcı universitetləri ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O, qeyd edib ki, ATU-nun tələbələri qardaş ölkənin ali məktəbləri tərəfindən dəstəklənən mübadilə proqramlarında iştirak edirlər. Lakin bəzən proqramların uyğunsuzluğu müəyyən problemlər yaradır: “Bu baxımdan, universitetdə proqramların təkmilləşdirilməsi və standartlara uyğunlaşdırılması istiqamətində işlər aparılır. ATU-nun stomatologiya fakültəsinin proqramı Türkiyənin bu sahədə tədris proqramına tam uyğundur. Lakin digər fakültələrdə hələ də çətinliklər qalmaqdadır. Bu problemlərin həlli ilə bağlı tədbirlər görülür”,- deyə G.Gəraybəyli bildirib.Rektor mübadilə proqramı üzrə Türkiyədə təhsil alan ATU tələbələrinin ikili diplom ala biləcəklərini də vurğulayıb. Bildirilib ki, bu praktikanın tətbiqi ilə əlaqədar ATU-nun nümayəndə heyəti Türkiyənin Hacettepe Universitetinin proqramı ilə tanış olub və yaxın vaxtlarda bu sahədə dəyişikliklərin olması nəzərdə tutulub.G.Gəraybəyli görüş zamanı Adnan Menderes Universiteti ilə də aktiv əlaqələrin formalaşacağından əmin olduğunu bildirib. O, bu məqsədlə əməkdaşlığa dair protokol sazişinin hazırlanıb imzalanmasını təklif edib.Adnan Menderes Universitetinin tibb fakültəsinin dekanı Serpil Demirağ görüşün təşkili üçün rektora təşəkkürünü bildirərək təmsil etdiyi ali məktəb haqqında məlumat verib. Onun sözlərinə görə, Adnan Menderes Universitetinin tibb fakültəsində 1200 tələbə təhsil alır: “Son iki ildə tibb fakültəsi daha da inkişaf edib. Universitetin klinikası da fəaliyyət göstərir və orada ATU-dan rezidentlər var. Biz də Azərbaycan Tibb Universiteti ilə əməkdaşlığın formalaşdırılması və inkişafında çox maraqlıyıq”.

“Anadolu Atəşi” rəqs qrupu dünyanı özünə heyran qoyur

Bakı, 15 avqust, AZƏRTACTürkiyənin “Anadolu Atəşi” rəqs qrupu yarandığı 17 ildə 45 milyon insan tərəfindən alqışlanıb.AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, ötən müddət ərzində rəqs qrupu 100-dən çox ölkədə 5 mindən artıq konsertdə çıxış edib.Əsas konsepsiyası “mədəniyyətlər görüşməsi” olan “Anadolu Atəşi” xalq rəqslərini, balet, müasir rəqs və rəqsin digər qollarını sintezləşdirərək dünyaya müasir standartlarda bir folklor rəqs konserti təqdim edir.Bu rəqs qrupu türk folklorundan bəhrələnərək 3 minə yaxın xalq rəqsinin elementlərini və xalq musiqisini özündə yaşadır.“Anadolu Atəşi” rəqs qrupunun bədii rəhbəri Mustafa Ərdoğan deyib ki, Bəhreyndən Sibirə, Çilidən Yaponiyaya qədər bir çox yerlərdə geniş konsert proqramı ilə çıxış ediblər.Rəqs qrupunun geniş coğrafiyada yaxşı tanındığını söyləyən Mustafa Ərdoğan hazırda qastrol səfərinə hazırlaşdıqlarını deyib: “Hazırda Avstraliyada, Çilidə, Çində və Antalyada “Anadolu Atəşi”nin biletləri satılır. Bəzi günlər dörd konsert təqdim edirik. Antalyada və İstanbulda həftədə üç gün konsertlər veririk. Egey dənizi turu da davam edir, həmçinin Antalyada bəzi otellərdə çıxışlar edirik. Bu günə qədər 100-ə yaxın ölkədə “Anadolu Atəşi” konsert verib və bu ölkələrin bəzilərində bir neçə dəfə qastrol səfərlərində olmuşuq”“Anadolu Atəşi”nin dünyadakı ən böyük üç rəqs ansamblından biri kimi tanındığını söyləyən bədii rəhbər vurğulayıb ki, qrup yerli və milli bir layihə olduğu üçün çox böyük maraq doğurur.

Bakıda Almaniya-Azərbaycan biznes forumu keçiriləcək

Bakı, 15 avqust, AZƏRTACAlman-Azərbaycan Xarici Ticarət Palatası ("AHK Azərbaycan") oktyabrın 9-da Bakıda "Azərbaycanda enerji və İKT" mövzusuna həsr olunan Almaniya-Azərbaycan biznes forumunu təşkil edəcək."AHK Azərbaycan"dan AZƏRTAC-a bildiriblər ki, Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyinin dəstəyi ilə keçiriləcək tədbirin əsas məqsədi alman şirkətləri və onların azərbaycanlı tərəfdaşlarının layihə və təkliflərini təqdim etmək, eləcə də işgüzar əməkdaşlıq üçün mövcud imkanları müəyyənləşdirməkdir.Forumun əsas mövzusunu enerji və İKT sektorlarında islahatlar və tərəfdaşlıq üçün perspektivlər təşkil edir.Forumun açılış mərasimində Azərbaycan hökumətinin yüksək vəzifəli nümayəndələrinin iştirakı gözlənilir.

Azərbaycanın Daxili İşlər Nazirliyi Türkiyənin müvafiq qurumları ilə əməkdaşlığa böyük önəm verir

Bakı, 14 avqust, AZƏRTACDaxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Türkiyə Respublikası Jandarm Qüvvələrinin Baş Komandanı, ordu generalı Arif Çetinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Arif Çetin və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər çiçəklər düzülüb.Daha sonra qardaş ölkənin təmsilçiləri Şəhidlər xiyabanındakı “Əbədi məşəl” kompleksini və türk şəhidliyini ziyarət ediblər.Avqustun 14-də daxili işlər naziri, general-polkovnik Ramil Usubov ordu generalı Arif Çetinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Qonaqları salamlayan nazir dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Türkiyə ilə əlaqələrinin hər zaman yüksələn xətlə inkişaf etdiyini, ulu öndər Heydər Əliyevin bu sahədəki xidmətlərini, onun “Bir millət, iki dövlət” siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini, dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu məmnunluqla xatırladıb.Nazir rəhbərlik etdiyi qurumun Türkiyənin Daxili İşlər Nazirliyi, o cümlədən Jandarm Komandanlığı ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini, Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən quruma çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Jandarm Komandanlığının böyük xidməti olduğunu xüsusi vurğulayaraq buna görə təşəkkürünü bildirib.Sonra qonağa müstəqilliyin ilk illərində respublikamızın qarşılaşdığı problemlər, Ermənistanın silahlı qüvvələri tərəfindən torpaqlarımızın işğalı, bir milyondan çox soydaşımızın doğma yurdlarından qaçqın düşməsi, ölkəmizdə cərəyan edən gərgin ictimai-siyasi proseslər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin ali hakimiyyətə tarixi qayıdışından sonra onun rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində, o cümlədən cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmini sahəsində həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində Azərbaycanda kriminogen durum tam nəzarətə götürülüb. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin son illərdəki sürətli inkişafını şərtləndirən əsas amillərdən olan dönməz ictimai-siyasi sabitlik təmin olunub, əmin-amanlıq yaradılıb.Nazir Türkiyə Jandarm Qüvvələri Baş Komandanının ölkəmizə səfərinin əlaqələrimizin inkişafına və daha da dərinləşməsinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.Səmimi görüşə və ətraflı məlumata görə minnətdarlığını bildirən ordu generalı Arif Çetin Azərbaycana səfərindən, Bakının dünyanın ən gözəl paytaxtlarından, ən təhlükəsiz şəhərlərindən biri olmasından, ölkəmizin dinamik, sürətli inkişafından, eyni zamanda, Daxili Qoşunların yüksək peşəkarlığa və döyüş qabiliyyətinə malik mobil quruma çevrilməsindən məmnun olduğunu bildirib. O, iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, “Bir millət, iki dövlət” olaraq Türkiyənin hər zaman Azərbaycanın yanında yer aldığını, onun ordusunun, Daxili Qoşunlarının inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin qardaş xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət etdiyini vurğulayıb.Türkiyə Respublikasının ölkəmizdəki səfirinin birinci müavini Volkan Öskiperin də iştirak etdiyi görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında müzakirələr aparılıb.Daha sonra Daxili Qoşunların Baş İdarəsində daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədovun ordu generalı Arif Çetinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub. General-leytenant Şahin Məmmədov Türkiyə Jandarm Baş Komandanlığı ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasında dostluq və hərbi əməkdaşlıq münasibətlərinin daha da genişləndiyini qeyd edib, qonaqlara Daxili Qoşunların yaranma tarixi, strukturu, normativ-hüquqi bazası, döyüş yolu və inkişafı barədə ətraflı məlumat verib.Ordu generalı Arif Çetin respublikamıza səfərindən məmnunluğunu ifadə edərək iki ölkənin müvafiq qurumları arasında əlaqələri yüksək qiymətləndirib.Avqustun 16-dək davam edəcək səfər zamanı dost və qardaş ölkənin nümayəndə heyəti Daxili Qoşunların Ali Hərbi Məktəbində təlim-tədrisin təşkili, kursantlar üçün yaradılmış şərait, o cümlədən Bakıda yerləşən “N” saylı hərbi hissə ilə tanış olacaq. Sonra türkiyəli qonaqlar Qoşunların Təlim Mərkəzində xüsusi-taktiki təlimi izləyəcək, həmçinin Heydər Əliyev Mərkəzini və paytaxtımızdakı digər tarixi, mədəniyyət abidələrini ziyarət edəcəklər.

12 avqust - Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günüdür

Bakı, 12 avqust, AZƏRTAC 12 avqust - Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günüdür.AZƏRTAC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadla xəbər verir ki, 2006-cı ilin məhz bu günündə Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının qüvvəyə minməsindən sonra hər il avqustun 12-si Xəzər Günü kimi qeyd olunur.“Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” BMT-nin Ətraf Mühit Proqramının və digər beynəlxalq təşkilatların dəstəyi ilə Xəzəryanı dövlətlərin mütəxəssisləri tərəfindən hazırlanıb. Konvensiya mətninin müzakirələri 1995-ci ildən 2003-cü ilədək keçirilən görüşlər zamanı davam edib və 2003-cü il noyabrın 4-də Xəzəryanı ölkələr tərəfindən imzalanıb.Təsdiq olunduğu şəhərin adı ilə “Tehran konvensiyası” kimi tanınan bu saziş Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, habelə Xəzər dənizinin ətraf mühitinin mühafizəsi, saxlanması və bərpasına qulluq edir. Konvensiyada Xəzər dənizinin bioloji sərvətlərinin davamlı və səmərəli istifadəsinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə, ekoloji monitorinqə və elmi tədqiqatlara aid müddəalar da əksini tapıb. “Tehran konvensiyası” beş Xəzəryanı dövlətin hökumətləri tərəfindən ratifikasiya olunduqdan sonra 2006-cı il avqustun 12-də qüvvəyə minib. Sonradan bu tarixin Xəzər Günü kimi qeyd edilməsinə başlanılıb.Azərbaycanda da Xəzər Gününə xüsusi önəm verilir. Hər il bu gün münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Xəzərətrafı rayonların rəsmi dövlət qurumlarının, ictimai təşkilatların və ictimaiyyətin nümayəndələrinin, nazirliyin tabeli qurumlarının iştirakı ilə maarifləndirici tədbirlər, o cümlədən təmizlik və abadlıq işləri həyata keçirilir.Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası onun sahilində yerləşən beş dövlət arasında regionda təbiəti mühafizə şərtlərini və müvafiq təşkilati mexanizmi əks etdirən ilk hüquqi sazişdir.Qeyd edək ki, bu gün Qazaxıstanın Aktau şəhərində işə başlayacaq Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısı Xəzər Gününə təsadüf edib. Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair müzakirələrin də aparılacağı nəzərdə tutulub.

Türkiyənin yeni nazirləri “SOCAR Turkey”in bu ölkədəki sərmayələri barədə məlumatlandırılıb

Bakı, 11 avqust, AZƏRTAC“SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) rəhbərliyi Türkiyənin yeni nazirləri ilə bu ölkədəki sərmayələri müzakirə edib.AZƏRTAC STEAŞ-a istinadla xəbər verir ki, “SOCAR Turkey Enerji A.Ş.”nin baş direktoru Zaur Qəhrəmanov Türkiyənin yeni energetika və təbii sərvətlər naziri Fatih Dönmez ilə görüşüb. Baş direktor F.Dönmezi nazir təyin olunması münasibətilə təbrik edib, “SOCAR Turkey”in mövcud layihələrinin icra vəziyyəti və gələcəkdə həyata keçirilməsi planlaşdırılan yeni investisiyalar barədə ona məlumat verib.STEAŞ-ın baş direktoru, həmçinin Türkiyənin yeni sənaye və texnologiyalar naziri Mustafa Varankla da görüşüb, onu nazir təyin edilməsi münasibətilə təbrik edib. Z.Qəhrəmanov naziri mövcud investisiyaların hazırkı vəziyyəti və törəmə şirkətlərin portfeli barədə məlumatlandırıb.Baş direktor nazirlə qarşıdakı dövrdə həyata keçirilməsi nəzərdə tutulan neft-kimya investisiyaları, Əliağada qurulması planlaşdırılan “Ar-Ge” mərkəzi və “SOCAR Xüsusi Sənaye Zonası”nın yaradılmasına dair müraciət ərizəsi üzrə müzakirələr aparıb.Qeyd edək ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” adı ilə davam etdirir. SOCAR hazırda Türkiyənin ən böyük xarici sərmayədarıdır.

Türkiyədə “İstanbulun xəzinələri” sərgisi açılıb

Bakı, 10 avqust, AZƏRTACİstanbulun yeni məscid padşah qəsrində bənövşəyi kaftan qalereyasının nəzdində fəaliyyət göstərən 10 sənətkarın əsərinin yer aldığı “İstanbulun xəzinələri” sərgisi açılıb.AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, sərgidə xəttatlıq, ebru, miniatür və digər sənət nümunələrindən ibarət 74 əsər yer alıb.Sərgidə ənənəvi sənət sahələri ilə yanaşı, müasir incəsənət əsərləri də nümayiş olunur.Türk mədəniyyətini tanıtmağı qarşısına məqsəd qoyan və sərgidə yağlı boya ilə çəkilmiş iki rəsmi yer alan rəssam Murad Erkan bu günə qədər 450 əsərə imza atdığını bildirib.Osmanlı saraylarında istifadə edilən və bu gün unudulmuş bir sıra tarixi yerlərin yenidən canlandırıldığı sərgi avqustun 31-dək davam edəcək.

İlyas Serenli: Türkiyə ilə Azərbaycanın mənəvi sahədə sıx birliyi olduqca əhəmiyyətlidir | Foto

Bakı, 9 avqust, AZƏRTACTürkiyə Diyanət Vəqfinin dəvəti ilə bu ölkədə səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyi avqustun 8-də Diyanət İşləri Başqanının Diyanət Vəqfi üzrə müavini İlyas Serenli ilə görüşüb.Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Fondun icraçı direktoru Mehman İsmayılov respublikamızda tarixi ənənəyə söykənən tolerantlıq mühitinin formalaşdığını qeyd edib. M.İsmayılov bildirib ki, ölkəmizin multikulturalizm modeli dünyaya örnəkdir. Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri barədə də ətraflı məlumat verən icraçı direktor bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, Azərbaycanda 2250 məscid, 14 kilsə, 7 sinaqoq mövcuddur.Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılma məqsədi və fəaliyyət istiqamətlərindən bəhs edən M.İsmayılov deyib ki, Fond mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyini həyata keçirir.Daha sonra Türkiyə Diyanət İşləri Başqanının Diyanət Vəqfi üzrə müavini İlyas Serenli iki ölkə arasında olan sıx münasibətlərin təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, bir millət iki dövlət olan Türkiyə və Azərbaycanın mənəvi sahədə sıx birliyi olduqca vacibdir.Eyni zamanda, Fond rəhbərliyinin Türkiyə Diyanət Vəqfinin direktoru Mehmet Savaş Polat, Diyanət Vəqfinin Qaynaq İstehsalat İdarəsinin müdir müavini Süleyman Baysal, Diyanət İşləri Başqanlığının Xarici Əlaqələr İdarəsinin Avrasiya bölgəsi üzrə şöbə müdiri Ömer Faruk Savuran, Din Xidmətləri İdarəsinin Came Xidmətləri şöbəsinin müdiri Neşet Bodur, Həcc və Ümrə Xidmətləri İdarəsinin Həcc və Ümrə Təlimi şöbəsinin müdiri Esma Ertenlə də görüşü keçirilib.

Azərbaycanın geostasionar peyki Fransa Qvianasındakı kosmodroma çatdırılıb

Bakı, 8 avqust, AZƏRTACAzərbaycanın “Azerspace-2/Intelsat 38” geostasionar peyki Fransa Qvianasındakı kosmodroma (Qviana Kosmik Mərkəzi) çatdırılıb.AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın “Arianespace” şirkətinin rəhbəri Stefan İsrael öz “Twitter” səhifəsində məlumat verib. Peykin bu ilin sentyabrında orbitə buraxılması nəzərdə tutulur.Azərbaycan peyki orbitə “Ariane 5 ECA” raket daşıyıcısı vasitəsilə göndəriləcək. “Azerspace-2/Intelsat 38” ilə yanaşı, “Intelsat” birgə müəssisəsinin “Horizons 3e” və yapon operatorunun“Sky Perfect JSAT Corp” peykləri də fəzaya buraxılacaq.“Azerspace-2/Intelsat 38” peyki geostasionar orbitə 45 dərəcə şərq uzunluğu mövqeyindən göndəriləcək. Onun xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.Peykin istehsalçısı “MDA - Space Systems Loral” (SSL) Kanada korporasiyasının törəmə şirkətidir. Bu şirkət kosmik aparatları idarəetmə sistemlərinin də tədarükçüsüdür.Xatırladaq ki, Azərbaycanın ilk “Azerspace/Africasat-1a” rabitə peyki 2013-cü il fevralın 8-də 46 dərəcə şərq uzunluğu mövqeyindən geostasionar orbitə buraxılıb. Bu peykin buraxılması da “Arianespace” şirkəti tərəfindən Kuru kosmodromundan həyata keçirilib.Hazırda orbitdə Azərbaycanın iki peyki fəaliyyət göstərir. “Azerspace-1” Afrika, Mərkəzi Asiya, Yaxın Şərq və Avropaya, həmçinin “Azersky” bütün dünyaya, o cümlədən “Google” kimi iri amerikan şirkətlərinə telekommunikasiya xidmətləri göstərir.

MDB ölkələrindən olan turistlər Azərbaycanı seçirlər

Bakı, 8 avqust, AZƏRTACAzərbaycanın paytaxtı Bakı MDB ölkələrinin yay səyahəti reytinqində ən populyar şəhərə çevrilib. Cari mövsümdə Bakını bir milyondan çox turist ziyarət edib.AZƏRTAC bu barədə mir24.tv telekanalına istinadla xəbər verir. Turistlər öz müsahibələrində Bakıda Şərqin və Avropanın harmoniyasının hökm sürdüyünü qeyd ediblər. Bu, qədim və eyni zamanda, müasir şəhərdir. Məhz bununla da turistləri özünə cəlb edir. Kiçik Qala küçəsində “Brilyant əl” sovet komediyasının bir fraqmenti çəkilib. Bu səbəbdən də Qayday komediyasını sevənlər hər gün burada “yıxılır” və selfi ilə bu anı xatirəyə çevirirlər.Azərbaycan paytaxtı onlarca film üçün çəkiliş meydançası olub. Bu filmlər arasında “Amfibiya adam”, “Tehran-43”, “Aybolit-66” və s. göstərmək olar. Ruslan və Lina Perm şəhərindən məxsusi olaraq Qız Qalasını görmək üçün Bakıya gəliblər. Bu qalanın tikilmə səbəbi və ondan vaxtilə necə istifadə edildiyi barədə alimlər indiyədək mübahisə aparırlar.Bir neçə saatlıq gəzintidən sonra susuzluğu yatırmağa və itirilmiş enerjini bərpa etməyə çay kömək edir. Azərbaycanda bu ətirli içkini armudu stəkanda təkcə qəndlə deyil, Şərq şirniyyatları və mürəbbə ilə masaya verirlər. Sankt-Peterburqdan olan Milana Kulik üçün bu ənənə bir kəşf oldu.Milli naxışlı ipək yaylıqlar və xalçalar Azərbaycandan olan ən yaxşı suvenirlər siyahısındadır. Respublika təkcə qonaqpərvər deyil, həm də ziyarət üçün təhlükəsiz ölkədir.Əlavə edək ki, bu ilin əvvəlindən Azərbaycanı təxminən 2 milyonadək turist ziyarət edib.

Luqano şəhərində Azərbaycan-İsveçrə biznes forumu keçiriləcək

Bern, 7 avqust, AZƏRTACAzərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyi cari ilin sentyabr ayında İsveçrənin Tiçino kantonunda Azərbaycan-İsveçrə biznes forumunun keçirilməsinə dair razılıq əldə edib.Səfirlikdən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, tədbirdə İsveçrənin mərkəzi və yerli qurumlarının, habelə işgüzar dairələrin və İsveçrədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin iştirakı gözlənilir.Səfir Xanım İbrahimova İsveçrənin Tiçino kantonunun Ticarət Palatasının Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Kiara Krivelli və Luqano şəhərinin meri Marco Borradori ilə görüşüb. Görüşdə Azərbaycan-İsveçrə ikitərəfli əlaqələri, Azərbaycanda həyata keçirilən köklü iqtisadi islahatlar və ölkəmizdə mövcud əlverişli investisiya mühitinə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda, Azərbaycan iqtisadiyyatı ilə bağlı tədbirlərin təşkili imkanları müzakirə edilib.Söhbət zamanı, həmçinin Azərbaycan ilə Tiçino kantonu arasında qarşılıqlı işgüzar səfərlərin təşkili məsələsinə dair müzakirələr aparılıb.Görüşdə qeyd olunub ki, hazırda Azərbaycanda İsveçrə kapitallı 71 şirkət fəaliyyət göstərir. Həmçinin Azərbaycandan İsveçrəyə 1,2 milyard ABŞ dolları investisiya yatırılıb. 2017-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 240 milyon dollar təşkil edib ki, bu da 40 faizdən çox artım deməkdir.

Bakı V Beynəlxalq Teatr Konfransı XXI əsrdə teatrın fəlsəfəsi mövzusuna həsr ediləcək

Bakı, 7 avqust, AZƏRTACNoyabrın 5-6-da Bakıda V Beynəlxalq Teatr Konfransı keçiriləcək. Konfrans “XXI əsrdə teatrın fəlsəfəsi: mövcudluq konsepsiyası” mövzusuna həsr ediləcək.AZƏRTAC xəbər verir ki, bu barədə ASSITEJ-in saytında məlumat yer alıb. Azərbaycan Mədəniyyət Nazirliyi, Milli Elmlər Akademiyası və Teatr Xadimləri İttifaqının birgə himayəsi ilə keçiriləcək konfrans çərçivəsində beynəlxalq teatr ekspertləri tərəfindən ustad dərsləri, seminarlar, treninqlər təşkil olunacaq. Teatrda 40 ölkədən 150-dən çox ekspertin iştirakı gözlənilir.

İkinci “Petkim”in qurulmasına 2019-cu ildə başlanacaq

Bakı, 6 avqust, Nihad Budaqov, AZƏRTACİkinci “Petkim” neft-kimya zavodunun qurulmasına gələn ilin iyun ayından başlanacaq.AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov deyib.Z.Qəhrəmanov bildirib ki, SOCAR İzmirdə həyata keçirməyi planlaşdırdığı yeni neft-kimya kompleksi layihəsi üzrə yekun investisiya qərarının (FID) gələn ilin aprel ayına qədər qəbul olunmasını nəzərdə tutur. İyundan isə zavodun qurulması işlərinə başlanacaq: “Əliağada inşa ediləcək ikinci neft-kimya zavodunda 2022-ci ilin sonu və ya 2023-cü ilin əvvəlində istehsala başlanması planlaşdırılır. Bu investisiya ilə Türkiyənin neft-kimya məhsulları üzrə idxalının 40 faizinin təmin edilməsi nəzərdə tutulur”.Türkiyənin ilk neft-kimya zavodu olan “Petkim”in illik 3,6 milyon ton neft-kimya məhsulu istehsal etdiyini deyən Z.Qəhrəmanov ikinci “Petkim”in isə ölkədə böyük tələbat olan neft-kimya məhsullarının istehsalını həyata keçirəcəyini qeyd edib.Xatırladaq ki, cari ilin birinci rübündə “Petkim PetroKimya Holding A.Ş.”nin xalis mənfəəti 131,4 milyon türk lirəsi təşkil edib. Hesabat dövründə “Petkim”in gəliri isə 1,88 milyard türk lirəsinə çatıb. Şirkətin 2017-ci ilin müvafiq dövründəki xalis mənfəəti 365,9 milyon türk lirəsi, gəliri 1,77 milyard lirə olmuşdu.SOCAR 2008-ci ildə “Petkim” şirkətinin səhmlərinin 51 faizini 2,04 milyard ABŞ dollarına alıb. Daha sonra Özəlləşdirmə İdarəsinə məxsus olan 10 faizlik payı alınıb və sonra o satılıb. Hazırda “Petkim”in 51 faizlik səhmi SOCAR-a məxsusdur. O dövrdə “Petkim”in dövriyyəsi 2,1 milyard türk lirəsi olub. 2017-ci ilin üçüncü rübündə isə bu göstərici 4,5 milyard türk lirəsi, mənfəəti isə 1 milyard lirə təşkil edib. Yəni, 2016-cı və 2017-ci illər “Petkim” üçün rekordlarla dolu illər olub. Bu illər ərzində “Petkim”in yaxşılaşdırılması üçün 760 milyon dollar investisiya qoyulub. Şirkət üçün ciddi bir sərmayə proqramı var və bu investisiya 2009-2012-ci illər arasında tədricən həyata keçirilib. Hazırda “Petkim” Türkiyənin ən böyük şirkətlərindən biridir.SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” adı ilə davam etdirir. STEAŞ “Petkim”də təxminən 51 faizlik paya sahibdir.

Türkiyənin Şırnak vilayətində neft axtarılacaq

Bakı, 6 avqust, AZƏRTACTürkiyənin Şırnak vilayətində neft axtarılacaq.AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin Neft İşləri İdarəsinin “Resmi Gazete”də yer alan məlumatında deyilir. Bildirilir ki, “Güney Yıldızı Petrol Üretim Sondaj Müteahhitlik ve Ticaret AŞ” Şırnakın İdil bölgəsində neft axtaracaq. Şirkətə İdildə 2 müxtəlif ərazidə neft axtarışı üçün 20 illik lisenziya verilib.Bundan başqa, “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkətinin neft axtarışına dair bir ədəd sənəd almaq üçün idarəyə müraciət etdiyi də bildirilib.Qeyd edək ki, TPAO-nun xaricdəki istehsal fəaliyyətlərində təqribən 77 faizlə ilk yeri Azərbaycandakı layihələri tutur. TPAO “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrində 19 faizlik, Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsində 6,8 faizlik, “BTC Ko.”da isə 6,53 faizlik paya sahibdir.

Aşqabadda “Amul-Xəzər 2018” beynəlxalq avtorallisinə həsr olunmuş media-forum keçirilir | Foto

Aşqabad, 5 avqust, АZƏRTACTürkmənistanın paytaxtı Aşqabadda “Amul-Xəzər 2018” beynəlxalq avtorallisinə həsr olunmuş media-forum keçirilir.AZƏRTAC xəbər verir ki, media-forumda bir sıra ölkələrin informasiya agentliklərinin, qəzet, jurnal və internet portallarının nümayəndələri, televiziya kanallarının əməkdaşları və idmançılar iştirak edirlər.Kütləvi informasiya vasitələrinin və sözügedən sahə nümayəndələrinin bir araya gəldiyi “Amul-Xəzər 2018” media-forumu Aşqabad “İdman” Olimpiya Şəhərciyində keçirilir.Forumda Türkmənistan Milli Olimpiya Komitəsinin baş katibi Azat Muradov, “Africa Eco Race” avtorallisinin baş direktoru Jan Lui Şleser və başqaları da iştirak edir.“Amul- Xəzər 2018” avtoralli yarışları sentyabrın 11-dən 15-dək Amul-Xəzər marşrutu üzrə keçiriləcək.Qeyd edək ki, ölkə başçısı Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə 2018-ci il “Böyük İpək yolu ili” elan edilib. Yarışların Amurdəryada keçirilməsi də qədim İpək yolu karvanlarının məkanı olaraq seçilib.Amudərya sahillərindən qərbə - Xəzər dənizinə doğru uzanan yarış trasının ümumi uzunluğu 1158 kilometrdir. Marşrutun əsas hissəsi Qaraqum səhrasındakı qumluq ərazidən keçəcək. Yarışa 3 kateqoriyada - minik, yük avtomobilləri və kvadrosikllər buraxılacaq.80 komandanın iştirak edəcəyi yarışa ölkə başçısının da qatılacağı gözlənilir.“Amul-Xəzər 2018” beynəlxalq avtorallisinin təşkili idmanın bu növünün geniş təbliği və Türkmənistanın irimiqyaslı yarış və turnirlərin keçirilməsinə qadir olan ölkə kimi nüfuzunun artmasına kömək edəcək.Forumda “Amul-Xəzər 2018” beynəlxalq avtorallisinə həsr olunan video-çarxın təqdimatı da keçirilib.

Azərbaycan xalçaları dünya hərraclarında

Bakı, 4 avqust, AZƏRTACDünyada keçirilən hərraclarda böyük maraq göstərilən məhsullardan biri Azərbaycan xalçalarıdır.AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, 2013-cü ildə Vyanada, Londonda, 2014-cü ildə isə Nyu-Yorkda keçirilən hərraclarda XVIII və XIX əsrlərdə toxunmuş Azərbaycan xalçaları satışa çıxarılıb.“Qarabağ”, “Qazax-Borçalı”, “Təbriz”, “Quba” qruplarına aid olan xalçaların ən ucuzu 10 min avroya, ən bahalısı isə 233 min ABŞ dollarına satılıb. Azərbaycan xalçaları 2016-cı il noyabrın 20-də ABŞ-da “Grogan” hərracında Mitçel və Rozali Rudnikin şəxsi kolleksiyasının satışı zamanı ümumilikdə 744 min 200 ABŞ dollarına satılıb.Bir maraqlı məqam da budur ki, “Azərxalça” hərraclarda satılan xalçaların çeşniləri əsasında yeni məhsullar istehsal edir. Müasir Azərbaycan xalçaçıları tarixi yaddaşın, qədim çeşnilərimizin bərpası ilə milli dəyərlərimizə sahib çıxdıqlarını nümayiş etdirirlər.

Azərbaycan şahmatçıları FIDE-nin dünya reytinqində

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinq cədvəlində üçüncü yeri tutur.AZƏRTAC xəbər verir ki, FIDE 2018-ci il avqustun 1-i üçün reytinq cədvəlini dərc edib.FIDE-nin rəsmi saytında bildirilir ki, 2018-ci il iyulun 1-i üçün reytinq cədvəlində 2801 xal ilə üçüncü yeri tutan Şəhriyar Məmmədyarov bu dəfə də həmin reytinq əmsalını və əvvəlki yerini qoruyub saxlayıb.Dünyanın ən güclü şahmatçılarının siyahısında birinci yeri yenə Norveç nümayəndəsi, hazırkı dünya çempionu Maqnus Karlsen (2841), ikinci yeri iddiaçılar turnirinin qalibi, amerikalı Fabiano Karuana tutur (2821).Siyahıda sonrakı yerləri çinli Din Lijen (2796), amerikalı Uesli So (2780), hollandiyalı Aniş Giri və rusiyalı Vladimir Kramnik (hərəyə 2779 xal), fransız Maksim Vaşye-Laqrav (2778), amerikalı Hikaru Nakamura (2777) və rusiyalı Sergey Karyakin tutur (2772).Azərbaycanın digər nümayəndəsi Teymur Rəcəbov da öz əmsalını (2751) və sıra nömrəsini (17) saxlayır. Reytinq əmsalını 2711-ə çatdırmış Arkadi Naydiç 47-ci mövqedən 33-cü yerə qalxıb. Dünya üzrə ilk yüzlüyə Azərbaycan qrossmeysterləri Rauf Məmmədov (2708, 38-ci yer), Eltac Səfərli (2676, 65-ci yer) və Qədir Hüseynov da daxildir (2665, 77-ci yer).Qadın şahmatçılar arasında ilk onluğa aşağıdakılar daxildir: çinli Hou İfan (2657), onun həmyerlisi Tszyuy Ventszyun (2565), ukraynalı Anna Muzıçuk (2563), rusiyalılar Aleksandra Kostentyuk (2558), Yekaterina Laqno (2556), Aleksandra Qoryaçkina (2534), çinli Tan Çjunyi (2529), rusiyalı Valentina Qunina (2528), ukraynalı Mariya Muzıçuk (2527) və gürcüstanlı Nana Dzaqnidze (2519).Dünyanın ən yaxşı yüz qadın şahmatçısının siyahısına azərbaycanlı Günay Məmmədzadə də daxildir. Reytinq əmsalı 2426 olan Günay bu siyahıda 39-cu yeri tutur.

Türkiyə Prezidenti Bakıda: böyük geosiyasi məkanın iki lideri

Türkiyədə prezident seçkisindən sonra R.T.Ərdoğanın ilk xarici səfərini hansı ölkəyə edəcəyi böyük maraqla gözlənilirdi. Ekspertlər bu məsələni Ankaranın xarici siyasətinin prioritetlərindən biri kimi qiymətləndirirdi. Çünki ilk xarici səfər faktiki olaraq Türkiyənin ən yüksək dəyərləndirdiyi və yaxın bildiyi dövləti dünyaya nümayiş etdirmək demək idi. R.T.Ərdoğan bu statusda Azərbaycanı gördüyünü təsdiq etdi. Səfər çox uğurlu və səmərəli keçdi. İki qardaş ölkənin liderləri əməkdaşlıq imkanlarını bir daha müzakirə etdilər. Qarşılıqlı sərmayə qoyuluşunu daha da inkişaf etdirmək barədə razılıq əldə edildi. Ticarət, enerji, iqtisadiyyat, elm, təhsil, nəqliyyat və hərbi sferalarda yeni proqramların həyata keçirilməsində böyük qətiyyət nümayiş etdirildi. Bütün bunların geosiyasi nəticələri üzərində geniş dayanmağa ehtiyac görürük.Real geosiyasi hesablar: iki qardaş dövlət arasında əməkdaşlığın əsas meyarıAzərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün nümunədir. İki qardaş ölkə müstəqil dövlət kimi geniş və konstruktiv əlaqələr qura biliblər. Məsələ yalnız qardaşlıqda deyil, bu dərəcədə yaxın olan iki dövlətin bir-birinə beynəlxalq hüquq normaları çərçivəsində və qarşılıqlı faydalılıq prinsipi əsasında yanaşmasındadır. Etiraf edək ki, bu cür əməkdaşlığın təməlini Ulu öndər Heydər Əliyev qoyub. Ümummilli lider öz fəaliyyəti ilə sübut etdi ki, etnik və tarixi bağlılıq dövlətlərin müstəqil siyasət yeritməsinə mane olmamalıdır. Yəni qardaş qardaşın dövlətinin müstəqilliyinə daha çox hörmət etməlidir. Bu prizmadan "Bir millət, iki dövlət" deyimi tarixi əhəmiyyətlidir.Hazırkı mərhələdə Azərbaycan-Türkiyə münasibətləri çox yüksək səviyyədədir. Azərbaycan Prezidenti İlham Əliyev uğurla bu əlaqələri daha yüksək zirvələrə qaldırmaqdadır. Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da iki qardaş dövlətin əməkdaşlığının yeni zirvələrə yüksəlməsi üçün əlindən gələni edir. İndi müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanla Türkiyənin bir-birini aktiv dəstəkləməsi aksioma çevrilib. İki ölkənin liderləri birgə addımlayır, ədalət və beynəlxalq hüquq normaları çərçivəsində bir-birinə aktiv dəstək verirlər.Bunlar bir daha Türkiyə Prezidenti seçilmiş R.T.Ərdoğanın ilk xarici səfərini Azərbaycana etməsi fonunda çox maraqlı görünür. Ekspertlər bu səfərin geosiyasi əhəmiyyətini vurğulayırlar. Məsələ ondan ibarətdir ki, Türkiyə Cümhuriyyəti tarixinin çox əlamətdar bir mərhələsini yaşamaqdadır. Ankara dünyanın söz sahiblərindən biri olmaq istiqamətində vacib addımlar atır. R.T.Ərdoğanın idarəçiliyi dönəmində bu proses xeyli sürətlənib və getdikcə daha geniş aspektləri əhatə edir. Artıq dünya liderləri etiraf edirlər ki, Türkiyə qlobal miqyasda iradəsini ortaya qoyan və dünya siyasətinin gündəmini müəyyənləşdirən dövlətlərdən biridir.Türkiyə siyasi, hərbi, iqtisadi, ticari, energetik, nəqliyyat, sosial, mədəni və digər sferalarda böyük uğurlar əldə edib. Ankaranın terrorla mübarizədə və Türk Ordusunun təcrübəsi dünyada maraq doğurub. İndi Türkiyə öz ərazisində demək olar ki, terrorun başını əzib və bəzi qonşu dövlətlərin ərazisində olan terrorçuların təmizlənməsi prosesini aparır. Bu məqam türk hərbi sənayesinin inkişaf etdirilməsi zərurətini ortaya qoyur. Prezident R.T.Ərdoğan Bakıya səfəri zamanı ifadə edib ki, Türkiyə hazırda hərbi ehtiyaclarının 65 faizini özü təmin edir. 15 il bundan öncə isə bu rəqəm 20 faiz idi (bax: Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər / AZƏRTAC, 10 iyul 2018).Azərbaycan Türkiyə ilə hərbi sahədə aktiv əməkdaşlıq edən ölkədir. Bu barədə Prezident İlham Əliyev dəfələrlə fikir bildirib. Türkiyə Prezidentinin son səfərində də dövlət başçısı bu barədə danışıb (bax: əvvəlki mənbəyə). Onun bariz nümunələrindən biri Azərbaycan Ordusunun hərbi paradında türk əsgərlərinin də iştirak etməsi oldu. Türk qırıcıları da Bakı səmasında öz məharətini bir daha nümayiş etdirdi. Bununla yanaşı, Azərbaycan Prezidenti bu əməkdaşlığın əsas məqsədini çox aydın şəkildə ifadə edib. İlham Əliyev vurğulayıb: "Türkiyə-Azərbaycan birliyi, dostluğu regional sabitlik üçün böyük fayda verir. Əminəm ki, Türkiyənin və Azərbaycanın birgə səyləri ilə bölgədə sülh yaranacaq. Türkiyənin hərbi potensialı çox güclüdür. Dünya miqyasında Türkiyə Ordusu ən güclü ordular sırasındadır" (bax: əvvəlki mənbəyə).Deməli, Azərbaycanla Türkiyənin hərbi sahədəki əlaqələri regionda sülhün və barışın bərqərar olması üçündür. Bunun üçün Türkiyə çox güclü orduya sahibdir, Azərbaycan Ordusu da sürətlə inkişaf edərək regionun ən güclü ordusuna çevrilib. Yəni iki qardaş ölkənin hərbi əməkdaşlığı faktiki olaraq Cənubi Qafqazda sabitliyin qorunub saxlanmasında, qüvvələr nisbətinin tarazlaşmasında əhəmiyyətli rol oynayır.Regional və qlobal təhlükəsizlik: Ankara-Bakı tandeminin təminatlarıAncaq Azərbaycan-Türkiyə əlaqələri daha geniş kontekstdə strateji məqsəd güdür. Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı bu məqam bir daha önə çəkildi. Aparılan müzakirələrin mövzuları bunu deməyə əsas verir ki, iki qardaş ölkə başlıca qlobal və regional məsələlərdə daha yaxın əməkdaşlıq istiqamətində inamla addımlayırlar. Hər iki dövlətin əldə etdiyi nailiyyətlər bunu deməyə əsas verir. Azərbaycan Prezidenti İlham Əliyev bu bağlılıqda ifadə edib ki, Türkiyə iqtisadi inkişaf sahəsində böyük irəliləyiş əldə edib. Hazırda o, dünya miqyasında ən qabaqcıl yerlərdən birindədir. R.T.Ərdoğanın liderliyi ilə Türkiyədə sabitlik tam bərqərar olunub. Bunlar təbii ki, Azərbaycan xalqını çox sevindirir (bax: əvvəlki mənbəyə).Azərbaycanın əldə etdiyi uğurlar da göz qabağındadır. Bütün sahələrdə islahatlar yüksək dinamika ilə davam edir. Daxili siyasətdə əldə edilən nailiyyətlərlə xarici siyasətin uğurları uyğunluq təşkil edir. Azərbaycan enerji və nəqliyyat sferalarında yeni-yeni uğurlara imza atır. Bütün dünya Azərbaycanın inkişafını etiraf edir. Konkret göstəricilər də bunu əyani surətdə sübut edir.Bütün bunlar iki ölkə liderlərinə inamlı, qətiyyətli və bir-birini dəstəkləməklə aktiv müstəqil siyasət yeritməyə əsas verir. Bu mövqeni Prezident İlham Əliyev çox dolğun ifadə edib. Dövlət başçısı deyib: "Türkiyə-Azərbaycan əlaqələrinin bu səviyyəyə çatmasında bizim birgə səylərimiz də mühüm rol oynayır. Bizim aramızda şəxsi dostluq əlaqələri mövcuddur və bu əlaqələr ölkələrimizi bir-birinə daha sıx bağlayır. Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Biz bütün məsələlərdə bir yerdəyik, bütün beynəlxalq məsələlərdə bir-birimizi daim dəstəkləyirik, bir-birimizin yanındayıq. Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində daim Azərbaycana böyük dəstək göstərir. Dünya miqyasında bu məsələ ilə bağlı Azərbaycana ən böyük dəstək verən ölkə Türkiyədir" (bax: əvvəlki mənbəyə).Əlbəttə, Türkiyə Dağlıq Qarabağ münaqişəsində Bakıya yalnız qardaşlıq amilinə görə dəstək vermir. Bu barədə Azərbaycanın dövlət başçısı dəfələrlə fikir bildirib. Azərbaycan Prezidenti vurğulayıb ki, Ankara əsas olaraq Azərbaycanın mövqeyinin haqlı olduğuna görə, ona dəstək verir. Burada bir ədalətli mövqe məsələsi var. Türk dövlətləri ənənəvi olaraq siyasətdə ədalətliliyə böyük yer veriblər. Eyni məntiqlə Azərbaycan daim Türkiyənin haqq səsini beynəlxalq aləmdə müdafiə edir. Bu baxımdan Prezident İlham Əliyevin məşhur "Türkiyə burda yoxdur, mən varam" deyimi çox gözəl bir nümunə kimi qəbul edilir.Bütün bunların böyük geosiyasi əhəmiyyəti var. R.T.Ərdoğan prezident seçkisindən sonra ilk səfərini Azərbaycana etməklə ciddi mesaj verir: bütün hallarda Türkiyə Azərbaycanla münasibətlərinə çox böyük önəm verir. Ankara və Bakı bundan sonra da əməkdaşlığı inkişaf etdirəcəklər və onların çəkinəcək bir yeri yoxdur.Eyni zamanda, Türkiyə Dağlıq Qarabağ münaqişəsində ədalətli mövqeyini saxlamaqda da qərarlıdır. Onu bu mövqeyindən kimsə döndərə bilməz. Artıq Türkiyə beynəlxalq təşkilatlar səviyyəsində bu məsələni konkret qoymaq mərhələsindədir. Bunu NATO-nun son Brüssel sammitində müşahidə etdik. Şübhə yoxdur ki, həmin proses davam edəcək. Yeri gəlmişkən, Ankara və Bakının bu qətiyyəti erməniləri təlaşa salıb.Nəhayət, Türkiyə Prezidentinin Azərbaycana səfəri bir daha göstərdi ki, bütün strateji məsələlərdə iki dövlət yanaşı addımlamaqda qərarlıdırlar. Onlar bundan sonra da geniş ortaq layihələr tərtib edib, birgə çalışacaqlar. Türkiyə və Azərbaycan faktiki olaraq dünyanın enerji xəritəsini dəyişən iki dövlətdir. Buna görə də indiki mərhələdə Türkiyə və Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolu getdikcə daha da artır. Bu tendensiya maraqlı bir nəticə çıxarmağa əsas verir: Türkiyə və Azərbaycan geniş geosiyasi məkanın liderləri roluna yüksəlirlər!

1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

Bakı, 1 avqust, AZƏRTACAvqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.Ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.Azərbaycan dilinin elektron məkanda da daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı tədbirlərin reallaşdırılması müstəsna əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı da Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.Hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini həmin xalqın əlifbası, yazı sistemi təşkil edir. Əlifba xalqın mədəniyyət silahı, milli mənəvi sərvətidir. Mədəni və mükəmməl əlifba əsasında aparılan yazı sistemi xalqın maddi-mədəni nailiyyətlərinin yaranmasında, yaşamasında və inkişafında başlıca rol oynayır, xalqın dilinin, elmi əlaqələrinin və digər zəruri fəaliyyət sahələrinin tərəqqisinə xidmət edir. Azərbaycan xalqının əlifbası tarixin müxtəlif dövrlərində müəyyən səbəblər ucbatından bir neçə dəfə dəyişdirilməyə məruz qalıb, sonuncu kiril qrafikalı əlifba isə ümumiyyətlə, Azərbaycan dilinin səs sisteminə uyğun olmamasına baxmayaraq qəbul edilib. Azərbaycan dilinin fonetik sisteminə tam uyğun olan yeni əlifba yaratmaq XX əsrin 80-ci illərinin sonlarında az bir zaman ərzində ümumxalq arzusuna çevrilib. Xalq milli mənəvi mədəniyyətin digər sahələrində olduğu kimi, yazı məsələlərində də öz istəyinə nail olmağı qarşıya məqsəd qoymuşdu.Həmin dövrdə Azərbaycanda baş verən oyanış hərəkatı bir çox ziyalılarımızla yanaşı, görkəmli dilçi alim Afad Qurbanovun da diqqətini xalqımızın taleyüklü problemlərinin həllinə yönəldib. Həmin problemlərdən biri də Azərbaycan xalqının kiril qrafikalı əlifbasının dəyişdirilməsi və Azərbaycan dilinin dövlət dili kimi qanuniləşdirilməsi, onun daha fəal işlədilməsi, habelə ictimai və başqa funksiyalarının genişləndirilməsinin təmin edilməsi olub. Bu dövrdə latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz Afad Qurbanovdur. 1990-cı il avqustun 1-də onun təşəbbüsü ilə Azərbaycan Əlifba Komissiyası yaradılıb və əlifba mütəxəssisi kimi bilik və bacarığı nəzərə alınaraq o komissiyanın sədri təyin edilib.Ölkəmizdə əlifba islahatının aparılmasında Afad Qurbanovun Azərbaycan Əlifba Komissiyasının sədri və latın qrafikası əsasında hazırlanmış və bu gün istifadə etdiyimiz Azərbaycanın yeni müstəqil əlifbamızın müəllifi kimi böyük xidmətləri olub. İstedadlı dilçi alim, bacarıqlı təşkilatçı, akademik Afad Qurbanov bütün qüvvə və bacarığını xalqın arzu və istəyini əks etdirən bu mühüm işə - Azərbaycan üçün yeni müstəqil əlifbanın hazırlanmasına həsr edib. Yeni əlifba layihəsinin hazırlanması və Azərbaycan dili haqqında qanun layihəsinin tərtib olunması işi ilə yanaşı, görkəmli dilçi alim və ictimai xadim Afad Qurbanov 1990-1995-ci illərdə Milli Məclisin deputatı kimi geniş ictimai-siyasi fəaliyyət göstərərək bu sahələrdə də xeyli işlər görüb. Onun deputat platformasının əsas tezislərindən məhz latın qrafikalı yeni əlifbaya keçidin, Azərbaycan dilinin daha fəal işlədilməsinin, habelə onun ictimai və başqa funksiyalarının genişləndirilməsinin təmin edilməsi məsələləri olub.Ümumxalq sərvətimiz olan bugünkü əlifba bu yorulmaz insanın, xalqını dərindən sevən fəal vətəndaşın, görkəmli dilçimiz akademik Afad Qurbanovun elmi və ictimai fəaliyyətinin bəhrəsi kimi Azərbaycan xalqına ən böyük töhfələrindən biridir.

X Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub

İyulun 31-də Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən X Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısında quraşdırılan açıq səhnədə keçirilən mərasimdə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna rol oynayan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.Təntənəli açılış mərasimi digər çıxışlarla davam edir.Çıxışlardan sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olacaq.

Diaspor Gənclərinin I Yay Düşərgəsi başlayır

Bakı, 31 iyul, AZƏRTACAzərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Diaspor Gənclərinin I Yay Düşərgəsi başlayır. Layihə Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir.Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, düşərgədə iştirak edəcək gənclərin seçimi artıq yekunlaşıb. Nəticələrlə bağlı iştirakçılara məlumat verilib. Düşərgədə iştirak etmək üçün 50-yə yaxın ölkədən yüzlərlə müraciət daxil olub. Düşərgəyə gəlmək hüququ qazanan gənclərlə yenidən əlaqə saxlanılacaq və onlara əlavə məlumatlar veriləcək.

Avropa Komissiyası TANAP layihəsinə 5 milyon avro məbləğində qrant ayırıb

Bakı, 31 iyul, AZƏRTACAvropa Komissiyası Azərbaycan qazının Türkiyəyə və oradan Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu (TANAP) boru kəməri layihəsinə 5 milyon avro məbləğində qrant ayırıb.AZƏRTAC xəbər verir ki, bu barədə TANAP məlumat yayıb.Bildirilib ki, qrant Avropa Komissiyasının enerji layihələrini dəstəkləyən CEF (Connecting Europe Facility) Enerji Proqramı çərçivəsində təmin edilib. Avropa İttifaqına üzv ölkələr bir sıra layihələrə 48,4 milyon avro dəyərində investisiya qoymağı qərara alıb. TANAP-da bu layihələr içərisində yer alan iki qaz layihəsindən biridir.

Los-Ancelesdə azərbaycanlı rəssamların sərgisi açılıb / Foto

Bakı, 30 iyul, AZƏRTACAzərbaycanın Los-Ancelesdəki baş konsulluğunda iyulun 26-da ABŞ-da yaşayan gənc azərbaycanlı qadın rəssamların əsərlərindən ibarət sərgi açılıb.Baş konsulluqdan AZƏRTAC-a bildiriblər ki, sərgidə Aydan Hüseynli, Fidan Kim, Dinarə Cəbiyeva, Lalə Rəhimova və Səyyarə Nemətovanın əsərləri nümayiş etdirilib. Baş konsulluğun dəstəyi və təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan icmasının üzvləri, xarici ölkələrin Los-Ancelesdəki baş konsulları, tanınmış şəxslər, o cümlədən kimya üzrə Nobel mükafatçısı Arye Vorşel (Arieh Warshel), elm və mədəniyyət xadimləri, jurnalistlər, həmçinin dost yəhudi, türk və İran icmalarının rəhbərləri iştirak ediblər.Tədbiri açan Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev qonaqları salamlayaraq, Azərbaycanın zəngin mədəniyyəti, incəsənəti, xüsusilə rəssamlıq sənətinin tarixi və bugünkü inkişafı, habelə Azərbaycanın görkəmli rəssamları haqqında ətraflı məlumat verib və gənc qadın rəssamları qonaqlara təqdim edib. Müstəqil dövlət kimi Azərbaycanda mədəniyyət və incəsənətin inkişafına dövlət səviyyəsində xüsusi diqqətin yetirildiyini qeyd edən baş konsul N.Ağayev Heydər Əliyev Fondunun dəstəyilə həyata keçirilən layihələrdən və gənc sənətkarların yaradıcılığını dəstəkləyən “YARAT” Müasir İncəsənət Məkanının fəaliyyəti barədə danışıb.Çıxışdan sonra “YARAT” Müasir İncəsənət Məkanının fəaliyyətindən bəhs edən qısa sənədli film nümayiş etdirilib.Həmçinin sərgi iştirakçılarından olan, Azərbaycanın mərhum Əməkdar Artisti, opera müğənnisi Sona Aslanovanın nəvəsi Lalə Rəhimovanın ifasında klassik musiqi əsərləri səsləndirilib. Film və musiqi proqramı qonaqlar tərəfindən alqışlarla qarşılanıb.Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

Türkiyə qırıcıları daha 10 terrorçunu zərərsizləşdirib

İstanbul, 30 iyul, AZƏRTACTürkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalındakı Metina ərazisində daha 10 terrorçunu məhv edib.AZƏRTAC xəbər verir ki, Türkiyənin Şırnak vilayətində isə “Azad” ləqəbli 19 yaşlı terrorçu könüllü olaraq polisə təslim olub.Təhlükəsizlik qüvvələri antiterror əməliyyatlarını davam etdirir.

Emin Ağalarov: "Jara" artıq böyük musiqi platformasıına çevrilib

Bakı, 29 iyul, AZƏRTACAzərbaycanın Xalq Artisti, "Jara" Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından biri, tanınmış bəstəkar və müğənni Emin Ağalarov AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.- Bakıda artıq üçüncü dəfədir keçirilən "Jara" Beynəlxalq Musiqi Festivalı əvvəlki illərdən hansı xüsusiyyəti ilə fərqlənir?- Əvvəla, builki festivalın proqramı daha genişdir. Rusiyanın "Birinci" telekanalında dörd konsert günündən hər biri iki saat olmaqla 10-12 reportaj efirə veriləcək. Bu da son iki ayda "Birinci" telekanalda ümumilikdə 24 saat efir deməkdir. Bu, möhtəşəm bir işdir. Rusiyanın tanınmış simalarını Bakıya toplamaq mənim üçün çox xoşdur. "Jara" layihəsinin uğurlu alınmasına ürəkdən sevinirəm. "Jara" artıq böyük musiqi platformasıına çevrilib.- Tamaşaçıları növbəti illərdə hansı yeniliklər gözləyir?- Biz hər dəfə yeniliklər edə bildik və festivala daha böyük uğur gətirdik. Artıq məşhur artistlərin yubiley gecələrini təşkil edirik. Leonid Aqutin, Valeri Meladze, Lybov Uspenskaya, Valeriya və Vladimir Presnyakovun yaradıcılıq gecələrini keçiririk. Növbəti illərdə, əlbəttə, daha geniş ideyalar üzərində düşünəcəyik. Daha maraqlı proqramlar hazırlayacağıq. "Jara" nın möhtəşəmliyi artıq mənim özümü belə təəccübləndirir.- Festivalın coğrafiyası getdikcə genişlənir. Maraqlıdır, "Jara"ya daha hansı ölkələrdən iştirakçılar cəlb oluna bilər?- Bəli, biz festivalın coğrafiyasını artıq genişləndirmişik. Festivalın fəxri qonaqları qismində xarici şou-biznesin tanınmış mütəxəssislərini dəvət etmişik. Məşhur italyan tenoru Alessandro Safina, əfsanəvi Stiven Siqal, İnqrid, Rusiya, Ukrayna, Gürcüstan və əlbəttə, Azərbaycan estradasından çoxlu sayda artistlər festivalda iştirak edirlər. Əfsanəsi Maykl Ceksonun oğlu Brendon Hovard səhnədə çıxış edir. Bu, böyük sürprizdir və o, ABŞ-dan gəlib. Arzum budur ki, gələcəkdə festivalda beynəlxalq gün olsun və bu möhtəşəm hadisə nəinki Rusiyanın "Birinci" kanalında, eləcə də xarici telekanallarda nümayiş etdirilsin. Hələlik bizim tərəfdaşımız "Birinci" kanaldır. Bu böyük yolu biz birlikdə gedirik. Biz bütün il boyu hazırlaşmışıq. İdeyalarımız çoxdur, məqsədimiz "Jara"nı daha unikal etməkdir.- Öz repertuarınızda Azərbaycan bəstəkarlarına müraciət etməyi düşünürsünüzmü?- Musiqilər hər zaman məni tapır. Müəlliflər mahnılarını mənə göndərirlər. Diqqətimi çəkən mahnını ifa edirəm. "Gəl Bakıya qaçaq" mahnısını həmyerlimiz Bahh Tee yazıb. Mahnı nəzərimi cəlb etdi və mən ifa etdim. Beləliklə, mahnı hit oldu.- Bu yaxınlarda Azərbaycanın Xalq Artisti adını aldınız. Təəssüratlarınızı bilmək maraqlı olardı.- Bu ada layiq görülmək mənim üçün gözlənilməz oldu. Bu, artist və təşkilatçı olaraq "Jara" və digər tədbirlər vasitəsilə göstərdiyim xidmətlərə görə mənim sənətimə verilən böyük dəyərdir. Belə böyük bir qiymətə görə mən Azərbaycan Prezidenti İlham Əliyevə və onun ailəsinə minnətdarlığımı bildirirəm.

Qəbələ beynəlxalq musiqi bayramına hazırlaşır

Qəbələ, 29 iyul, Mustafa Dadaşov, AZƏRTACHeydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə iyulun 30-da axşam saatlarında X Qəbələ Beynəlxalq Musiqi Festivalına start veriləcək. Avqustun 8-dək davam edəcək festivalda Azərbaycanın tanınmış musiqi kollektivləri, həmçinin xarici ölkələrdən gəlmiş görkəmli musiqiçilər, kamera və simfonik orkestrləri, solistlər və dirijorlar çıxış edəcəklər.Festivala hazırlıq üzrə təşkilat komitəsinin üzvü, rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, festivala hazırlıq işləri artıq tam başa çatıb. Tədbirlərin keçiriləcəyi məkanlar, konsert zalları hazır vəziyyətə gətirilib, şəhərin müxtəlif yerlərində festivalla bağlı reklam lövhələri qoyulub.Proqrama uyğun olaraq, iyulun 30-da axşam saat 18:00-da Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında musiqisevərlərə “Gənclərə dəstək” layihəsi çərçivəsində festivalın ilk konserti təqdim olunacaq. Həmin gün axşam 21:00-da tamaşaçılar açıq səhnədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin konsertini izləmək imkanı əldə edəcəklər.Festivalın təntənəli açılış mərasimi iyulun 31-də axşam saat 21:00-da reallaşacaq. Açılış konsertində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edəcək. Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə reallaşacaq konsertdə pianoda Xalq artistləri Murad Adıgözəlzadə və Yeganə Axundova çıxış edəcəklər.Festival günlərində musiqisevərlər, həmçinin Yerusəlim Simfonik Orkestrinin, Budapeşt Qaraçı Qrupunun, Kuba septetinin, “Bakı Kamera Orkestri”nin, “Qaytağı” ansamblının, Rusiya, İsrail, İsveçrə, Türkiyə, İtaliya, Güscüstan və digər ölkələrdən gəlmiş ifaçıların çıxışlarını izləyəcəklər.

İstanbul boğazında gəmilərin hərəkəti dayandırılıb

İstanbul, 27 iyul, AZƏRTAC İstanbul boğazında müvəqqəti olaraq gəmilərin hərəkəti dayandırılıb.AZƏRTAC xəbər verir ki, buna səbəb Yunanıstan bayrağı ilə üzən “Nissos Therassıa” adlı neft tankerində yaranan nasazlıqdır. Boğazdan Qara dənizə keçən 252 metr uzunluqda gəminin idarəolunmaz hala düşməməsi üçün tədbirlər görülür.

Bakı növbəti dünya çempionatına ev sahibliyi edəcək

Bakı, 28 iyul, AZƏRTACBakı 2021-ci ildə batut üzərində tullanma və tamblinq üzrə dünya çempionatını qəbul edəcək. Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə Komitəsi bu qərarı Ficidə keçirilən növbəti iclasında qəbul edib. Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov iclasda iştirak edib.AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına (AGF) istinadla xəbər verir ki, son üç ildə Azərbaycan paytaxtı “uçan” gimnastlar arasında iri startlara ev sahibliyi edib: 2016-2017-ci illərdə burada Dünya Kuboku yarışları, bu mövsümdə isə Avropa çempionatı keçirilib. Avropa çempionatı ölkəmizin idman həyatında parlaq hadisələrdən birinə çevrilib. Artıq 2021-ci ilin mundialını keçirmək də Bakıya həvalə olunub. Bu çempionat respublikada böyük yarışların təşkili işində yeni səhifə açacaq.Çempionatın tarixi artıq məlumdur. O, yaş qrupları arasında batut üzərində tullanma üzrə Dünya Oyunları ərəfəsində - noyabrın 11-14-də keçiriləcək. “Uçan” gimnastlar üçün Bakı çempionatı Olimpiadadan sonra ən əhəmiyyətli yarış olacaq. Çempionatda həm adlı-sanlı, həm də gənc idmançılar yarışacaqlar.FIG-in prezidenti Morinari Vatanabe İcraiyyə Komitəsinin qərarına münasibət bildirərək deyib: “Biz şadıq ki, böyük çempionatları əvvəllər idmanın bu növləri – batut üzərində tullanma və akrobatika üzrə dünya çempionatları keçirməyən ölkələrə etibar ediblər. Belə münasibət həmin idman növlərinin bu regionlarda inkişafına xidmət edir”.Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva əmin olduğunu bildirib ki, ölkədə batut gimnastikası və tamblinq üzrə dünya çempionatının keçirilməsi bu idman növünün daha da populyarlaşmasına və inkişafına, habelə idman sahəsində beynəlxalq əlaqələrin möhkəmlənməsinə kömək edəcək.Beləliklə, Azərbaycan idmanın gimnastika növü üzrə iki çempionatı birdən qəbul edəcək. 2019-cu ildə burada bədii gimnastika üzrə dünya forumu, 2021-ci ildə batut üzərində tullanma və tamblinq üzrə mundial keçiriləcək.

Mövlud Çavuşoğlu: Türkiyə İrana qarşı sanksiyaların iştirakçısı olmayacaq

Bakı, 24 iyul,  AZƏRTACTürkiyə neftə dair İrana tətbiq ediləcək sanksiyaların iştirakçısı olmayacaq.AZƏRTAC Türkiyə KİV-lərə istinadla xəbər verir ki, bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir ABŞ-ın İrana qarşı sanksiyalarında Türkiyənin iştirakçı olmayacağını söyləyib: “ABŞ-dan nümayəndə heyəti gəldi. Biz bu sanksiyaların iştirakçısı olmayacağımızı onlara söylədik. Biz neft alırıq. Həm də münasib şərtlərdə alırıq. Siz uzaqdan danışırsınız amma biz bunlara əməl etməyəcəyik. Türkiyə bu sanksiyalara əməl etməyəcəyini izah edərkən, prinsipcə də ABŞ-ın İrana qarşı sanksiyalarını düzgün hesab etmədiyini bildirir. İranla bağlı hər hansı bir ölkənin sanksiyalarına riayət məcburiyyətində deyilik”.Xatırladaq ki, ABŞ müttəfiq ölkələr və şirkətlərdən bu il noyabrın 4-dək İrandan neft idxalını dayandırmağı istəyib. ABŞ-dan bir heyətin Orta Şərqdə fərqli ölkələrə səfər edərək İran neftinə yönələn sanksiya qərarına dair danışıqlar aparması gözlənilir. Lakin ABŞ İrandan neft idxalına qarşı sanksiyalarda bəzi ölkələrə güzəşt tətbiq etməyi də nəzərdən keçirəcək.Ekspertlər hesab edir ki, sanksiyalar nəticəsində İranın neft ixracı hazırkı həcmin üçdəikisi səviyyəsində azalaraq gündəlik 700 min barrelə düşəcək.

İstanbuldakı üçüncü hava limanının illik kirayə haqqı 1,45 milyard avro olacaq

Bakı, 24 iyul, AZƏRTACİstanbuldakı yeni hava limanının illik kirayə haqqı ƏDV daxil olmaqla 1 milyard 45 milyon avro olacaq.AZƏRTAC “airlinehaber.com” saytına istinadla xəbər verir ki, bu barədə Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Mehmet Muş bildirib. Onun sözlərinə görə, yeni hava limanında dövlət bu kirayə haqqını 25 il alacaq.Qeyd edək ki, İstanbuldakı üçüncü hava limanından ilk uçuş Azərbaycana olacaq.

“Türkologiya” jurnalının ikinci nömrəsi nəşr olunub

Bakı, 24 iyul, AZƏRTACAzərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının 2018-ci il üçün ikinci nömrəsi işıq üzü görüb.Jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovun AZƏRTAC-a verdiyi məlumata görə, yeni nömrədə Azərbaycan, rus, ingilis və türk dillərində Azərbaycan, Türkiyə, Rusiya, Albaniya, Misir və Monqolustan alimlərinin məqalələri yer alıb.Beynəlxalq elmi jurnalın bu sayında ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev-95”, “Azərbaycan Xalq Cümhuriyyəti-100”, “Dilçilik”, “Ədəbiyyat”, “Fəlsəfə”, “Tarix və etnoqrafiya”, “Türkoloji mərkəzlər”, “Resenziya”, “Elmi həyat”, “Personalia” rubrikalarında toplanan yazılar oxucular tərəfindən maraqla qarşılanacaq.Qeyd edək ki, “Türkologiya” jurnalı ildə 4 dəfə nəşr olunur. Jurnalın növbəti sayları üçün məqalə qəbulu davam edir.

Dünyəvi dövlətin sarsılmazlığı Gəncə hadisələrinin sifarişçiləri üçün ən ağır cəzadır

Bakı, 16 iyul, AZƏRTACBu günlərdə Azərbaycan cəmiyyəti respublikanın ikinci ən böyük şəhəri olan Gəncədə baş vermiş faciəli hadisələri fəal müzakirə edir. Baş vermiş hadisələr barədə düşündükcə bir daha yəqin edirsən: tarix təkrarlanma xüsusiyyətinə malikdir. Axı, Azərbaycanın ən yeni tarixində belə hallar olub ki, respublikanın həyatında sıçrayış xarakterli mühüm hadisələrdən sonra ölkəmizin uğurlarını gözü götürməyən qüvvələr iğtişaşlar törətməyə və sabitliyi pozmağa cəhd göstəriblər. 1994-cü ilin payızını xatırlayaq. Həmin il sentyabrın 20-də Azərbaycanın sürətli iqtisadi inkişafının və indiki qüdrətinin təməlini qoymuş “Əsrin müqaviləsi” imzalandı. Bundan bir həftə sonra terror aktı nəticəsində respublikanın iki məşhur siyasi və dövlət xadimi – Milli Məclisin sədr müavini Afiyəddin Cəlilov və Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov qətlə yetirildi. Daha bir neçə gündən sonra, oktyabrın 3-4-də Azərbaycanda silahlı dövlət çevrilişi törətməyə cəhd göstərildi.İstər-istəməz paralellər aparmalı oluruq. Bu il mayın 29-da Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirildi. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən, dəyəri 40 milyard dollardan çox olan bu möhtəşəm layihə Avrasiyanın enerji xəritəsinin formatını dəyişəcək. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Anadolu boru kəməri – TANAP işə salındı. Bu kəmər vasitəsilə Azərbaycan qazı Avropaya nəql ediləcək. Nəhayət, iyunun 26-da Bakıdakı Azadlıq meydanında hazırda dünyanın ən güclü 50 ordusu sırasına daxil olan, döyüş qabiliyyətli və ən müasir silahlarla təchiz edilmiş ordu yaratmağa nail olmuş Azərbaycanın hərbi qüdrətini bütün dünyaya nümayiş etdirən möhtəşəm parad keçirildi. Azərbaycanın inamlı, ardıcıl irəliləyişini, onun dünyada artan nüfuzunu gözləri götürməyən qüvvələr bu dəfə də ölkədə sabitliyi, əhalinin sakit həyatını pozmağa və qarşıdurma yaratmağa cəhd göstərdilər. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd edildi, bundan bir həftə sonra isə din pərdəsi altında bir qrup radikal şəhərdə iğtişaş törətməyə cəhd göstərdi. Təəssüf ki, qan töküldü – hüquqazidd hərəkətlərin qarşısının alınması prosesində iki polis zabiti şəhid oldu.Fikir verin – hər iki halda Azərbaycana düşmən qüvvələrin dəst-xətti və texnologiyaları eynidir. Lakin onlar yanıldılar, çünki 1994-cü ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında sabit, demokratik və hüquqi dövlət qurulması yolunda ilk addımlarını atan Azərbaycan ölkəni qorumağa, onu xaosdan və sarsıntılardan müdafiə etməyə nail olmuşdu, indi isə respublikamızın qüvvələri və imkanları qat-qat artıb, səmərəli fəaliyyət göstərən hakimiyyət orqanları, sabitliyi və hüquqi qaydanı təmin etməyə qabil olan hüquq-mühafizə orqanlarının formalaşdığı bir şəraitdə bədxahlarımız heç nəyə ümid edə bilməzlər. Lakin burada başlıca amil, əlbəttə, iqtidar ilə xalqın birliyidir. Prezident İlham Əliyev hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasdakı çıxışında bunu xüsusi vurğulayıb. Həqiqətən bu birlik sarsıntılar dövründə ölkəni qorumağa qabil olan böyük qüvvədir. Bu birlik 1994-cü ilin oktyabrında da özünü göstərdi: o vaxt ulu öndər Heydər Əliyevin bir çağırışı ilə on minlərlə insan qanuni hakimiyyəti müdafiə etmək üçün Prezident Administrasiyasının binası qarşısında toplaşdı. Bu birlik sonralar da - ölkə üçün çətin olan bütün məqamlarda, o cümlədən bu günlərdə baş vermiş Gəncə hadisələri zamanı yenidən parlaq şəkildə təzahür etdi: Azərbaycan xalqı göstərdi ki, o, öz dövlətinin, öz Prezidentinin yanındadır və xaricdə qurulan, ölkəmizi Yaxın Şərqin bir sıra ölkələrində baş verən və bu gün də davam edən qanlı hadisələr və terror arenasına çevirmək niyyəti güdən məkrli ssenarilərin burada həyata keçirilməsinə imkan verməyəcək.Baş verən hadisələrin ən iyrənc cəhəti ondan ibarətdir ki, bu çirkin planların təşkilatçıları və icraçıları dini şüarlarla pərdələnir və çox həssas bir materiya – insanların dini hissləri ilə oynamağa çalışırlar. Lakin bütün bunların İslam dini ilə heç bir əlaqəsi yoxdur. Əvvələn, terrorçunun nə inamı, nə imanı, nə vətəndaşlığı, nə vətəni var, onun nəzərində heç bir müqəddəs dəyər yoxdur. Allahın adından istifadə edərək insanları Ulu Tanrının bəxş etdiyi həyatdan məhrum etmək olmaz. Bu, heç bir vasitə ilə bəraət qazandırıla bilməyən ən böyük günahdır. Yeri gəlmişkən, digər səmavi dinlərdə olduğu kimi, İslamda da hər bir insanın həyatı dəyərlidir.Azərbaycanlılar müsəlman Şərqində ilk demokratik, parlament respublikasını yaradan xalqdır. Xalqımızın dövlətçilik tarixi Midiya və Atropatenadan başlanır! Biz XI qırmızı ordunun 1920-ci ildə son qoyduğu müstəqilliyimizin bərpasına yüzdən çox şəhidin həyatı bahasına nail olmuşuq. Dünyəvi dövlət və demokratiya ölkə əhalisinin böyük əksəriyyətinin şüurlu seçimidir. Bəs, bir ovuc bədbəxt radikal nə istəyir – öz məkrli “dəyərlərini” milyonlarla azərbaycanlıya sırımaqmı?Bir fakt şübhəsizdir: Azərbaycanın inkişafını, onun sabitliyini istəməyən qüvvələr bu addımı bizim dövlətçiliyimizə, müstəqilliyimizə qarşı atıblar. İyulun 13-də respublikanın hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə keçirilmiş iclasda dövlətimizin başçısı İlham Əliyev məhz bu məqamı vurğulayıb: “Bu qanlı terror aktları cəmiyyətdə gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaq məqsədilə törədilmişdir. Bu terror aktları dini şüarlar altında törədilmişdir. Bu, özlüyündə İslam dininə qarşı ən böyük cinayətdir. Çünki İslam sülh, mərhəmət dinidir. Azərbaycan dövləti və Azərbaycan xalqı öz milli, dini dəyərlərini daim qoruyur. Azərbaycan İslam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir”.Gəncədə atəş açılandan sonrakı ilk günlərdə özlərinin nadanlığı ucbatından cinayətkarı sosial şəbəkələrdə “qəhrəmana çevirmək” üçün cəhd göstərənlər bunu anlamalıdırlar. Xoşbəxtlikdən belələri azdır və onlar xəcalət çəkməlidirlər. Onlar başa düşməlidirlər ki, Azərbaycanda ekstremizm keçməyəcək, ilk növbədə, ona görə ki, xalq özü onu qəbul etmir. Ekstremizm xalqımıza yabançıdır. Prezident çıxışında bunu da qeyd edib: “Bu cinayətkarlar müsəlman deyillər. Cinayətkarlar və onların arxasında dayananlar heç vaxt öz məkrli arzularına çata bilməyəcəklər. Azərbaycan dövləti və Azərbaycan xalqı buna heç vaxt imkan verməyəcək. Bütün Azərbaycan xalqı bu qanlı cinayətləri birmənalı olaraq pislədi və bu cinayətləri törədənlərə qarşı öz nifrətini ifadə etdi”.Daha bir məqamı qeyd etmək istərdim. Gəncədə iğtişaş törətməyə cəhd göstərmiş ekstremistlərin və satqınların hərəkətləri elə həmin günlərdə ölkəmizin həyatında baş vermiş çox mühüm hadisənin üzərinə kölgə sala bilmədi. NATO-nun Brüsseldə keçirilmiş Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə Azərbaycan ilə Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənəd paraflandı. Bu, böyük uğurdur, çünki həmin sənəddə aşkar şəkildə qeyd edilir ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini, suverenliyini və onun sərhədlərinin toxunulmazlığını dəstəkləyir. Həmçinin ölkəmizin təşəbbüsü ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsinin başa çatdırılması Avropa İttifaqının əsas prioritetlərindən biri adlandırılıb (yeri gəlmişkən, eyni vaxtda ABŞ Dövlət Departamenti də bunu bəyan edib), respublikamızın mədəniyyətlərarası dialoqa böyük töhfəsi qeyd olunub, bu sahədə əməkdaşlığın inkişaf etdirilməsinə maraq ifadə edilib. Avropa İttifaqının yüksək vəzifəli nümayəndələri sosial şəbəkələrdəki səhifələrində vurğulayıblar ki, “Tərəfdaşlıq prioritetləri” sənədi Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafına yeni impuls verib. Bu, Prezident İlham Əliyevin yürütdüyü siyasətin çox böyük diplomatik uğurudur. Təzadlar göz qabağındadır: bir tərəfdə Avropa ölkələri ailəsində Azərbaycanın işıqlı gələcəyinə yönəlmiş addımlar, dövlətin və xalqın mənafelərini hər şeydən üstün tutan, insanların dinc, sakit, firavan həyatının təmin edilməsinə, ümumbəşəri dəyərlərin təntənəsinə yönəlmiş siyasət, digər tərəfdə isə ölkəni orta əsr bataqlığına, nadanlığa sürüməyə, onu hər hansı perspektivlərdən məhrum etməyə, vətəndaş qarşıdurması yaratmağa çalışan bir ovuc radikalın hüquqazidd hərəkətləri. Sosial şəbəkələrdə öz maddi maraqları naminə şeytanın özünə belə qulluq etməyə hazır olan, insan adlandırılmağa layiq olmayan varlıqları “qəhrəmanlar” kimi qələmə vermək yox, bu təzadlar barədə yazmaq lazımdır.Gəncə hadisələrinin hüquq-mühafizə orqanları tərəfindən isti izlərlə aparılmış təhqiqatlar radikal ekstremistlər şəbəkəsini aşkar etməyə imkan verib. Müəyyənləşdirilib ki, ekstremistlər Gəncə hadisələrini ölkənin başqa şəhərlərində, o cümlədən Sumqayıtda da təkrar etməyi planlaşdırırmış. Artıq onlarca ekstremist həbs edilib və şübhə yoxdur ki, onlar hamısı layiqli cəzalarını alacaqlar. Heç kəs məsuliyyətdən yaxa qurtara bilməyəcək. Prezident İlham Əliyev bunu qətiyyətlə bəyan edib.Bu yaramazlar və onların xaricdəki sifarişçiləri üçün ən böyük cəza isə Azərbaycan dövlətinin sarsılmazlığı, xalq ilə iqtidarın möhkəm birliyidir!Aslan AslanovAZƏRTAC-ın İdarə Heyətinin sədri,Dünya Xəbər Agentlikləri Konqresinin,Asiya və Sakit Okean Ölkələri İnformasiya AgentlikləriTəşkilatının (OANA) prezidenti

Türkiyədə 15 iyul hadisələrinin növbəti ildönümü ilə əlaqədar Bakıda anım mərasimi təşkil edilib

Bakı, 16 iyul, AZƏRTAC2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhdin ikinci ildönümü ilə əlaqədar qardaş ölkənin Azərbaycandakı səfirliyində anım tədbiri təşkil edilib.AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə iştirak edib.Əvvəlcə şəhidlərin ruhuna dualar oxunub və TRT kanalının 15 iyul hadisələrinə dair hazırladığı filmin nümayişi olub.Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral anım mərasimində çıxış edərək deyib ki, iki il əvvəl iyulun 15-də türk milləti kiminsə onun əvəzinə qərar verməsini qəbul etmədiyini bütün dünyaya bəyan etdi. O vurğulayıb ki, 15 iyul günü milli dastanımızdır. Heç kim türk millətini öz yolundan döndərə bilməz. Hər kəs bilsin ki, bu millət hər zaman dövlətinə, vətəninə sahib çıxacaq.Səfir vurğulayıb ki, həmin gün plan quranlar İslam dinindən sui-istifadə etdilər. Azərbaycanda da İslam dinini bəhanə edərək terror törətməyə çalışan xainlər var. Hər kəs bilməlidir ki, Azərbaycan və Türkiyə bu ünsürləri həmişə əzib yox edəcək gücdədir. Dövlətə və millətə xəyanət edən FETÖ yox ediləcək və həmin gün uzaqda deyil.Prezidentin köməkçisi Əli Həsənov çıxışında bildirib ki, Türkiyədə 2016-cı il iyulun 15-də baş vermiş hadisələrdə xalqın öz iradəsini ortaya qoyması qürurvericidir. Bu, qəhrəmanlıq salnaməsidir. İki il əvvəl iyulun 15-də Türkiyədə baş verən hadisələr Azərbaycanda da çox həyəcanla izlənildi. Biz Türkiyə hökumətinə dəstəyimizi göstərdik. “Bir millət, iki dövlət” kəlamı həmin günlərin sınağından şərəflə çıxdı. Biz sarsılmaz Türkiyə-Azərbaycan dostluğunu nümayiş etdirdik.Bir neçə gün əvvəl Gəncədə baş vermiş hadisələrə də toxunan Prezidentin köməkçisi bildirib ki, Gəncə hadisələri dövlətçiliyə əl qaldırmaq istəyən xainlər tərəfindən törədilib. Dinc insanlar arasında olan iki polis zabiti qətlə yetirildi. O zabitlər ölkəmizin tarixinə adlarını qızıl hərflərlə həkk etdilər. Türkiyədəki hadisə ilə Gəncədəki bu hadisə oxşardır.Əli Həsənov xatırladıb ki, 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında Azərbaycan xalqının iradəsini ifadə edən Prezident Heydər Əliyevi devirmək üçün Türkiyədəki 15 iyul hadisələrinə təxminən oxşar hadisələr baş verib. O zaman da Azərbaycan Ordusunun, Daxili Qoşunlarının, polisin tərkibində yuva salmış, öz doğru yolundan sapdırılmış vətəndaşlar dövlətə və dövlətçiliyə silah yönəltdilər. Bəs, niyə qalib gələ bilmədilər? Çünki Heydər Əliyev o qüvvələrin qarşısına xalqın iradəsi ilə çıxdı. Heydər Əliyev çağırış etdi ki, Azərbaycan dövlətini dəstəkləyən vətəndaşlar meydanlara çıxsınlar. Yüz minlərlə vətəndaş öz sinəsini sipər edərək azğınlaşmış silahlı quldur dəstələrinin qarşısına çıxıb onları tərksilah etdi. Bir sözlə, tarixdə millətin iradəsinə qalib gələn qüvvə yoxdur və bundan sonra da olmayacaq. Xüsusən də bu millətin iradəsi onun dəstəklədiyi liderin simasında ifadə olunursa.Əli Həsənov Türkiyədəki hadisələrin 20 Yanvar hadisələri ilə oxşarlığına da diqqət çəkərək deyib: “Sadəcə, Türkiyədə bu hadisəni törədənlər Türkiyə ilə bağlılığı olanlar idi. Bakıda isə əhalini qanına qəltan edənlər erməni, erməni xislətli yad əsgərlər idi. Hər ikisi milli iradəyə qalib gəlmək istəyirdi. Millətin üzərinə getmək, tanklar, hərbi təyyarələr qaldırmaq olar, amma milli iradəyə qalib gəlmək olmaz”.Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan və Türkiyə qardaş dövlətlərdir. Hər iki ölkə bir-birinə dəstək verir. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu!

Heydər Əliyev fenomeni: dünəndən bu günümüzə, bu gündən sabahımıza salınan körpülər

Dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət, müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin siyasi rəhbərliyə gəlişinin 49 ili tamam olurBakı, 14 iyul, AZƏRTACUca zirvələr uzaqdan daha aydın göründüyü kimi, dahi şəxsiyyət olan Heydər Əliyevin böyüklüyünü də illər keçdikcə daha dərindən dərk edirik. Təxminən yarım əsr əvvəl - 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilən Heydər Əliyev keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri olan Azərbaycanı çox keçmədən ön sıralardan birinə çıxardı. Sonradan Azərbaycan yenidən müstəqilliyə qovuşarkən siyasi rəhbərliyə qayıdışı ilə ölkəmizi bir çox təhlükələrdən – siyasi və iqtisadi böhrandan, xaos və anarxiyadan, parçalanmaq və məhv olmaqdan, vətəndaş müharibəsindən xilas etdi. Məhz onun müdrik siyasəti sayəsində müstəqilliyimiz qorunub saxlandı və möhkəmləndi, ölkəmiz inkişaf yoluna çıxdı, beynəlxalq arenada tanınmağa başladı. Bu gün Azərbaycan dünyada söz və nüfuz sahibidir, regionun lider dövlətidir. Heydər Əliyev dühası dünəndən bu günümüzə, bu gündən isə sabahımıza körpülər salıb. Ulu Öndərin siyasi hakimiyyətə gəlişinin ildönümündə tariximizin həmin parlaq səhifələri yenidən vərəqlənir, dahi şəxsiyyətin Vətəni və xalqı qarşısında misilsiz xidmətləri bir daha minnətdarlıq hissi ilə xatırlanır.1969-cu il iyulun 14-də Azərbaycanın siyasi səhnəsində sözün böyük mənasında Günəş doğdu. Ulu öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. 1969-cu ildə keçirilən məşhur avqust plenumu isə Azərbaycanın həyatında mühüm və şərəfli bir mərhələnin başlanğıcı oldu. 1969-1982-ci illər respublikamızda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü. Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə böyük uzaqgörənliklə və müdrikcəsinə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaradırdı. Biz bunu çox-çox sonralar – tarixin imtahanına çəkilərkən dərk etməyə başladıq. Əvvəlcə uzaq 1970-ci illərin mənzərəsinə nəzər salaq.Ulu Öndər hakimiyyətə gələnə qədər ən geridə qalan respublikalardan biri sayılan Azərbaycan qısa müddətdə iqtisadi artım tempinə görə orta ittifaq səviyyəsini ötdü. 1969-1982-ci illərdə milli gəlir 2,6, sənaye məhsulu 2,7, kənd təsərrüfatı 2,3 dəfə artdı, 249 yeni iri sənaye müəssisəsi yaradıldı. Ölkənin sənaye potensialı əvvəlki 50 ildəkini iki dəfə üstələdi. Həmin dövrdə 813 min yeni iş yeri açıldı, əhalinin güzəranı qat-qat yaxşılaşdı. Respublikamızın elmi-texniki potensialı dəfələrlə artdı, 265 elmlər doktoru, 3141 elmlər namizədi hazırlandı. Ötən əsrin 80-ci illərinin əvvəllərində ən nüfuzlu ali məktəblərə respublikamızdan göndərilən gənclərin sayı ildə 1000-1400 nəfər təşkil edirdi. Hər il 800-1000 azərbaycanlı gənc isə ittifaqın nüfuzlu hərbi məktəblərində hərb sənətinin sirlərinə yiyələnirdi. Heydər Əliyevin həyata keçirdiyi titanik və kompleks fəaliyyət nəticəsində Azərbaycan ittifaq büdcəsindən dotasiya almayan iki respublikadan birinə çevrilmişdi.1993-2003-cü illərdə Ulu Öndər planetin nadir şəxsiyyətlərindən biri olduğunu növbəti dəfə sübuta yetirdi. Ümummilli Liderin mükəmməl idarəçilik məktəbi sayəsində ölkəmiz keçid dövrünün çətin labirintlərindən uğurla çıxdı. 1996-cı ildən Azərbaycan yenidən dirçəliş mərhələsinə qədəm qoydu. 1996-2003-cü illərdə ölkəmizdə bütün makroiqtisadi göstəricilər 2-3 dəfə artdı. Ölkədə 3000 yeni sənaye müəssisəsi yaradıldı. 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına 20 milyard dollar investisiya qoyuldu. Həmin dövrdə ümumi daxili məhsul 22,3 dəfə artdı. Bütün sahələrdə islahatlar geniş miqyas aldı, ölkəmizin beynəlxalq nüfuzu durmadan artmağa başladı. Ulu Öndərin müdrik siyasəti sayəsində düşmənlərin aramsız təxribatlarına, pozuculuq əməllərinə baxmayaraq, Azərbaycandakı müxtəlif mədəniyyətlərin, fərqli dünyagörüşlərin toqquşması baş vermədi, ölkəmizdə tolerantlıq başlıca meyar olaraq qaldı.Ümummilli Lider strateji hədəfləri zərgər dəqiqliyi ilə müəyyənləşdirmək və onları kompleks şəkildə həyata keçirmək bacarığı ilə fərqlənirdi. Balanslaşdırılmış və milli mənafeyə əsaslanan dövlət siyasəti, ictimai-siyasi sabitlik, iqtisadi və elmi-texniki tərəqqi, təhsil, müasir və güclü ordu, kadr hazırlığı, xalqın rifahı, milli dəyərlər – bütün bunlar ümummilli lider Heydər Əliyevin başlıca strateji hədəflərindən idi. Bu gün tam əminliklə demək olar ki, Azərbaycan bütün bu hədəflərə yetişib.2003-cü ildən ötən dövr ümummilli lider Heydər Əliyevin ideya və idarəçilik məktəbinin əbədiyaşarlığının növbəti sübutu oldu. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanı Heydər Əliyev yolu ilə apararaq regionun lider dövlətinə, dünyada söz və nüfuz sahibinə çevirib. Bu gün ölkəmiz sürətlə inkişaf edən iqtisadiyyatı, əlverişli geostrateji mövqeyi, zəngin mədəniyyəti və ənənəvi tolerantlığı ilə bütün planetin diqqət mərkəzindədir.Ulu Öndərin adını daşıyan, beynəlxalq imici durmadan artan Heydər Əliyev Fondu da bu dahi şəxsiyyətin mənəviyyat bulağından qaynaqlanır. Milli mənafeyə, soykökümüzə bağlı xeyirxah missiyası ilə seçilən Fond artıq sərhədləri aşıb, dünyanın bir sıra ölkələrində həyata keçirdiyi humanitar layihələrlə məşhurluq qazanıb. Fondun reallaşdırdığı orijinal tədbirlər sayəsində muğamımız və bənzərsiz mədəniyyətimiz yeni inkişaf mərhələsini yaşayır. Təsadüfi deyil ki, Azərbaycanın mənəvi inciləri dünya mədəni irsi siyahısında yer almağa başlayıb.Azərbaycanın çağdaş dövrünün yeni intibah mərhələsinin banisi olan Heydər Əliyev şəxsiyyəti tükənməz və öyrənildikcə öyrəniləsi bir xəzinədir. Ulu Öndər Azərbaycanın söykəndiyi dağdır. O dağın isə zirvəsi çox ucadır. Həmin uca zirvədə bərq vuran Günəşin - Heydər Əliyev dühasının tükənməz nuru Azərbaycana, xalqımızın gələcəyə gedən yollarına daim işıq salacaq.

Orta Asiyanın ən böyük məscidinin tikinti işləri yekunlaşıb

Bakı, 13 iyul, AZƏRTACTürkiyə Diyanət Vəqfinin Qırğızıstanın paytaxtı Bişkekdə inşa etdirdiyi Orta Asiyanın ən böyük məscidinin tikinti işləri yekunlaşıb.Anadolu agentliyinin məlumatına görə, inşasına 2012-ci ildə başlanan məscid Osmanlı memarlığına uyğun inşa edilib. Paytaxtın şərqində təxminən 35 hektar ərazini əhatə edən 7 min 500 kvadratmetr qapalı sahəyə malik olan məscidin, qapalı sahələrində və bağçasında eyni vaxtda 20 min adam ibadət edə biləcək.